Rusiya televiziyasının ən tanınmış cütlüklərindən olan Olqa Skabeyeva və Yevgeni Popovun boşanmaq ərəfəsində olduğu iddia edilir. Məlumata görə, ailə böhranının arxasında Popovun başqa məşhur teleaparıcı ilə münasibəti dayanır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, işə hətta tüksək vəzifəli şəxslər də qarışıb. Belə ki, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK) rəhbəri Oleq Dobrodeyev və Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, mediaya nəzarət edən əsas fiqurlardan Aleksey Qromov cütlüyün ayrılmasının qarşısını almağa çalışırlar.
Bildirilir ki, hələlik Skabeyeva və Popov efirdə bir-birindən mümkün qədər uzaqlaşdırılıb. Mənbələr Skabeyevanın həyat yoldaşına qarşı narazılığını artıq gizlətmədiyini iddia edirlər.
Rusiya televiziyasının kulislərində cütlüyün bu dəfə həqiqətən boşanacağı barədə hətta mərc oyunlarının keçirildiyini bildirilir. Mənbənin iddiasına görə, televiziya rəhbərliyinin qarşısında duran digər məsələ mümkün boşanma baş verərsə, qalmaqalın VGTRK-nın divarlarından kənara çıxmasına imkan verməməkdir.
Ailə böhranının mümkün səbəbi barədə də diqqətçəkən iddia irəli sürülüb. VÇK-OGPU-nun mənbələri Yevgeni Popovun teleaparıcı İrina Rossiusla münasibətinin yarandığını bildirirlər. Rossiusun adı daha əvvəl Rusiyanın keçmiş fövqəladə hallar naziri Vladimir Puçkovla yaxın münasibətlər barədə iddialarda da hallanıb.
Skabeyeva və Popovun ailəsində ilk ciddi böhranın bu olmadığı bildirilir. 2022-ci ildə Popovun Tina Kandelaki ilə münasibəti olması barədə şayiələr yayılmış və cütlüyün ayrılmaq həddinə çatdığı iddia edilmişdi. Mənbəyə görə, həmin vaxt televiziya rəhbərliyi qalmaqalı böyümədən dayandıra bilmişdi.
Yevgeni Popov Skabeyevadan əvvəl Rusiyanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vitaliy Çurkinin qızı Anastasiya Çurkina ilə evli olub. Mənbə Popovun Rusiya televiziyasındakı karyerasının yüksəlişində Çurkin ailəsinin əlaqələrinin mühüm rol oynadığını iddia edir.
Olqa Skabeyeva və Yevgeni Popov uzun illər Rusiya dövlət televiziyasının ən tanınmış simaları arasında yer alıblar və birlikdə siyasi proqram aparıblar. Buna görə də onların mümkün boşanmasının yalnız ailə məsələsi deyil, Rusiya televiziyasının daxilində də ciddi rezonans doğurduğu bildirilir.
Musavat.com