Rusiyanın dövlət mediası Avropada qadağan olunsa da, Kremlə yaxın fiqurların Qərb mediasında görünməsi yeni müzakirələr doğurur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" saytında diqqətçəkən yazı dərc olunub. Məqalədə Rusiyanın Fransadakı keçmiş dövlət media rəhbərlərindən birinin yenidən televiziya ekranlarında görünməsi və bunun yaratdığı qalmaqal təhlil edilir.
Söhbət Rusiyanın dövlət kanalı RT France-ın keçmiş rəhbəri Kseniya Fyodorovadan gedir. Avropada RT və "Sputnik" qadağan olunduqdan sonra Fyodorova Fransada media fəaliyyətini dayandırmayıb, əksinə, konservativ xətti ilə tanınan "CNews" televiziya kanalında və "Europe 1" radiosunda aparıcı və şərhçi kimi fəaliyyətə başlayıb. Məqalədə vurğulanır ki, o, efirlərdə tez-tez Kremlin ritorikası ilə üst-üstə düşən mövqelər səsləndirir.
Son qalmaqal mayın 9-da yayımlanan efirdən sonra başlayıb. Fyodorova həmin çıxışında Ukraynadakı müharibənin uzanmasına görə Qərbi günahlandıraraq, “məhz Qərbin münaqişəni uzatmaq qərarı verdiyini” bildirib. Bundan sonra Avropa Parlamentində liberal Renew fraksiyasının rəhbərlərindən Valerie Hayer Fransa media tənzimləyicisinə şikayət göndərib və bu cür çıxışların milli təhlükəsizlik məsələsinə toxunduğunu, Kremlin təbliğat tezislərini təkrarladığını bəyan edib.
Lakin məqalədə diqqət çəkən məqam ondan ibarətdir ki, Fransa hakimiyyətinin hüquqi imkanları məhduddur. Çünki RT və "Sputnik"ə tətbiq olunan sanksiyalar ayrı-ayrı jurnalist və şərhçilərə aid edilmir, Fyodorovanın isə Rusiya tərəfindən birbaşa maliyyələşdirildiyinə dair hüquqi sübut yoxdur.
"Politico" yazısında Fyodorovanın "CNews" kanalında pravoslavlıq mövzusunda “Lumières orthodoxes” proqramını aparır, eyni zamanda beynəlxalq siyasətlə bağlı debatlarda iştirak etdiyi qeyd olunur. Üstəlik, RT France bağlandıqdan sonra onun keçmiş əməkdaşlarından bir neçəsinin də həmin kanalda işə düzəldiyi bildirilir.
Məqalə müəllifinin fikrincə, Fyodorovanın media holdinq daxilində xüsusi çəkisi də var. O, "CNews"un sahibi, Fransanın sağ siyasi dairələrinə və Marin Le Penə yaxınlığı ilə tanınan media maqnatı Vincent Bolloré ilə yaxın münasibətlər səbəbindən redaksiya daxilində ciddi təsir imkanları əldə edib.
Kanal əməkdaşlarının "Politico"ya dediklərinə görə, Fyodorovanı tənqid etmək faktiki olaraq mümkün deyil. Məqalədə onunla konflikt yaşayan və ya efirdə səsləndirdiyi fikirləri yumşaltmağa çalışan bir neçə əməkdaş, o cümlədən təhlükəsizlik üzrə müşavir Bruno Klermon və jurnalist Victor Eyró sonradan işlərini itirdikləri iddia olunur.
Fyodorova vaxtilə RT France-ın Parisdə fəaliyyətə başlamasına rəhbərlik edib və “sarı jiletlilər” etirazları dövründə kanalın əsas simalarından biri sayılıb. Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra Avropa İttifaqı RT və "Sputnik"in yayımını dayandırsa da, Fyodorova 2024-cü ildə Fransada uzunmüddətli yaşamaq icazəsi almağa nail olub.
Musavat.com