“Lukoil”in sonu yaxınlaşır?

ABŞ-ın “Lukoil”in xaricdəki müəssisələrinin “Gunvor” neft treyderinə satılmasına icazə verməkdən imtinasından sonra Rusiya neft nəhəngi həm beynəlxalq, həm də daxili bazarda məğlubiyyətlə üz-üzə qalıb.

Musavat.com xəbər verir ki, xarici ölkələrdə şirkətin neftayırma zavodları, yanacaqdoldurma məntəqələri və yataqları hökumətlərin nəzarətinə keçə bilər.

Rusiyada isə artıq çoxdan bu şirkətə göz dikən bir şəxs var - “Rosneft”in rəhbəri, Putinin yaxın silahdaşı İqor Seçin.

İnsayderlərə görə, “Lukoil”in 14 milyard avro dəyərində xarici aktivləri var və sahibləri artıq onların müsadirəsinə hazırlaşır. “Rosneft”in bu aktivlər üzərində nəzarəti ələ alması ehtimalı yüksəkdir. Analitiklər bunu Putinin dövründə neft sektorunun tam dövlətləşdirilməsi prosesinin növbəti mərhələsi kimi qiymətləndirirlər.

Seçinin “Lukoil”i ələ keçirmək cəhdləri əvvəllər Putin tərəfindən dəfələrlə dayandırılsa da, indi siyasi vəziyyət ona “hücum üçün ən münasib vaxt” verir. Bir sabiq dövlət şirkəti əməkdaşı deyib:

“Seçin heç vaxt bu ideyadan vaz keçməyib. Hər bir neçə aydan bir yeni təkliflə “yuxarılara” gedir”.

“Alfa-Bank”ın hesabatına görə, “Lukoil”in xarici aktivləri şirkətin ümumi hasilatının 6,5%-ni, qaz hasilatının isə yarısını təşkil edir. Bu itkilər nəticəsində şirkətin gəlirləri 20%-ə qədər azala bilər.

Şirkətin aktivləri arasında Azərbaycan, Qazaxıstan, İraq və BƏƏ-də hasilat layihələri, həmçinin Bolqarıstan və Rumıniyada neftayırma zavodları və Aİ ölkələrində, Türkiyə və ABŞ-da yanacaqdoldurma şəbəkələri var.

Bolqarıstan hökuməti artıq milli təhlükəsizlik səbəbilə şirkətin ən böyük zavodunu dövlət nəzarətinə götürmək üçün qanun qəbul edib. Rumıniya hökuməti isə 5 min iş yerini qorumaq və enerji sabitliyini təmin etmək məqsədilə “Lukoil”in aktivlərini dövlətin nəzarətinə keçirmək niyyətindədir.

Moldovada isə şirkətin hava limanındakı yanacaq kompleksi üçün ABŞ-dan müvəqqəti sanksiya istisnası istənilib.

“Financial Times” hesab edir ki, “Lukoil”in xaricdəki əsas aktivlərinin dəyəri 14 milyard avro, azlıq paylarının isə 6 milyard avro təşkil edir. Bu itki Qərb sanksiyalarından sonra Rusiyanın ən böyük kommersiya zərbəsi ola bilər.

Musavat.com

12.11.2025 22:06
920