“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyinə dair şərhində yer alıb. Bildirilib ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.
“Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz.
Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq”, - deyə şərhdə qeyd edilib.
Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Fransa uzun illərdir Cənubi Qafqaza can atır.
Deputatın sözlərinə görə, Fransa öz niyyətlərini həyata keçirmək üçün təkcə can atmır, şər atır, böhtan atır, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır: “Bunun səbəbi isə budur ki, bölgədə xarici müdaxilələrin qarşısını alan əsas güc mərkəzi məhz Azərbaycandır. Məhz Azərbaycanı yürütdüyü siyasət nəticəsində Cənubi Qafqaz və geniş coğrafiya üçün xarici müdaxilələrdən kənar təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yaranıb. 30 ilə yaxın zaman kəsiyində Fransanın yeganə məqsədi ondan ibarət idi ki, Ermənistanın işğalını legitimləşdirsin. Buna “şam yandıran” fransalı siyasətçilərin kimliyini və simalarını unutmamışıq. Bugünkü siyasət eyni davranışların davamı kimi qəbul olunmalıdır. Qənaətimə görə, Fransa XİN-in açıqlamasının Azərbaycanın Dövlət Suverenliyi günü, eyni zamanda Azərbaycanın suverenliyinə qənim kəsilənlərin mühakimə edildiyi gün verilməsi təsadüf deyil. Paradoksal mənzərə yaranır ki, bu da Fransa siyasəti üçün ənənəvidir. Geniş coğrafiyada soyqırımı törədən dövlət başqa dövlətə qarşı soyqırımı ittihamı irəli sürürsə, bu zaman nə hüquqi dəyərlərdən, nə də digər aspektlərdən söhbət açmağa dəyməz. Bu kimi çağırışlar Azərbaycanın uzun illər ərzində suverenliyinə qənim kəsilən insanların layiqli cəzalarını almasının Fransanı narahat etdiyini sübuta yetirir”.
Deputat vurğulayıb ki, söhbət işğal prosesi nəticəsində formalaşdırılmış qanunsuz hərbi xuntadan, aqressiv separatizmin iştirakçıları olan hərbi cinayətkarlardan, həmçinin, Azərbaycanın suverenliyinə qənim kəsilən, öz dövləti və xalqına qarşı xəyanət yolunu tutan şəxslərdən gedir.
E.Mirzəbəyli qeyd edib ki, Fransa kimi dövlətlərin əsas hədəfi Azərbaycanın suverenliyi olub: “Onlar bu illər ərzində faktiki olaraq, Azərbaycan dövlətçiliyinə qarşı savaş açıblar. Odur ki, rəsmi Parisin necə çağırış etməsinin bizim üçün prinsipial fərqi yoxdur. Beynəlxalq siyasətdə də Fransanın mahiyyəti artıq hər kəsə bəllidir. Azərbaycan dostlarını, qardaş olan ölkələrin təmsilçilərini gözləyir. Azərbaycan dünyaya orta güc modelinin yeni nümunəsini təqdim edən, birləşdirici faktor rolunu oynayan - Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir araya gətirən, qlobal münasibətlər sistemində böyük nüfuza malik olan, liderinin üstün keyfiyyətləri ilə uzun illər öncəni görməyi bacaran dövlətdir. Bir sözlə, mövqeyimizi nəzərə aldıqda əsassız çağırışların Azərbaycan üçün əhəmiyyəti yoxdur”.
Nigar Həsənli
Musavat.com