Mərkəzi Bank bu bankla bağlı hərəkətə keçdi

Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank"ın adının Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketinə düşməsi anlaşmazlıq olar bilər.

Musavat.com xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, sanksiya siyahısına salınan bank dayanıqlı maliyyə qurumudur:

"Biz təbii ki, bankla daim əlaqə saxlayırıq, göstəricilərini izləyirik. Hazırkı mərhələdə bankın həm likvidlik, həm də kapital adekvatlığı baxımından dayanıqlı mövqedə olduğu görünür. Heç bir mənfi gözləntimiz mövcud deyil".

Taleh Kazımov bununla yanaşı qeyd edib ki, Avropa İttifaqının sanksiyaları fonunda bankın müştəriləri üçün ödəniş proseslərində müəyyən texniki çətinliklərin yaranması istisna edilmir, lakin son həftələrdə bank vasitəsilə əməliyyatlar normal şəkildə icra olunub və ciddi problemlə rastlaşılmayıb.

Onun sözlərinə görə, həm "Yelo Bank", həm də Mərkəzi Bank aidiyyəti qurumlara məsələnin aydınlaşdırılması üçün müraciətlər edib və proses hüquqi çərçivədə davam etdirilir.

Taleh Kazımov əlavə edib ki, məsələnin kökündə "Yelo Bank"ın vaxtilə Rusiyanın SPFS sisteminə qoşulması dayanır:

"Bu qoşulma bir neçə il əvvəl, Ukrayna-Rusiya münaqişəsindən öncə baş verib. Ola bilsin ki, bu, sadəcə anlaşmazlıqdır. Biz bankda hər hansı problem görmürük".

Mərkəzi Bank rəhbərinin fikrincə, iki tərəfdən sanksiya rejimi altında olan ölkələrlə (Rusiya və İran) əhatə olunmaqla indiyədək sanksiya pozuntusuna yol verməmək böyük nailiyyətdir:

"Sanksiya məsələləri ilə bilavasitə məşğul olan əsas qurumlarla təmaslarımız davamlıdır. Onlar bizə heç bir irad bildirmirlər. Hər tərəfdən sanksiyalarla əhatə olunmuş bir mühitdə yaşayaraq özümüzün sanksiya altına düşməməyimiz ən mühüm nailiyyətimizdir. Avropa İttifaqının yeni 20-ci sanksiya paketinin mahiyyətini tam anlayıram. Burada "Yelo Bank"ın sanksiyaya düşməsinin maliyyə sektoruna hər hansı təsirini müşahidə etmirik".

Qeyd edək ki, əvvəlki adı "Nikoil Bank" olan "Yelo Bank"ın sahibi Rusiyada yaşayan Azərbaycanəsilli milyarder, Avropa İttifaqı və ABŞ-nin sanksiyaları altında olan Vahid Ələkbərov idi. 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra o, bankın səhmdarlığından imtina edib.

DÜNYA,
Musavat.com

06.05.2026 17:00
3510