Metroda gərgin anlar - Rəsmi açıqlama verildi - FOTO, VİDEO

“İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.

Musavat.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib.

"Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - deyə, metropoliten rəsmisi əlavə edib.

***

Bakı metropolitenində gərgin anlar davam edir. Artıq 35 dəqiqədir ki, qatar platformada dayanıb, sərnişinlər isə çaşqınlıq içində qalıblar. Qatarların nə zaman hərəkətə başlayacağı məlum deyil.

Sərnişinlər işə 35 dəqiqədən çoxdur ki, gecikdiklərini və yaranmış vəziyyətdən ciddi narahat olduqlarını bildirirlər.

***

Hazırda Bakı metropolitenində sərnişinlər arasında təşviş yaşanır.

Musavat.com xəbər verir ki, qatar artıq 23 dəqiqədir dayanıb. Hadisənin havanın isti olduğu və sərnişin sıxlığının yüksək olduğu saatlara təsadüf etməsi narahatlığı daha da artırıb.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O bildirib ki, problem qatarla bağlıdır və yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.

Afaq Mirayiq,
Musavat.com

14.09.2026 08:38
3331