"Dünyada bu texnologiyanı yaradanlar və bu bunu qəbul edib istifadə edənlər var".
Musavat.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasiminə deyib.
“İlk növbədə, bu məkanın və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Çünki biz bunu, sadəcə, fiziki məkan və fiziki infrastruktur kimi görmürük. Əksinə, uzun müddətdir ehtiyac duyulan iqtisadi faktorların, təhsil ekosisteminin innovatorlarının və ekosistem üçün maliyyələşmədən tutmuş, icmaya qədər vacib olan bütün digər tərəflərin bir araya gəldiyi bir nöqtə kimi görürük. Dünya İqtisadi Forumu ilə əməkdaşlığımızdan çox məmnunuq. Düşünürəm ki, müzakirənin mərkəzində dayanan mövzu təkcə Azərbaycan üçün deyil, demək olar ki, bütün iqtisadiyyatlar üçün son dərəcə vacib və aktualdır".
Nazir, həmçinin, qeyd edib ki, əsas hədəf Azərbaycanın iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır: “Bunu daha sadə dillə desək, məqsədimiz sadəcə daha çox məhsul istehsal etmək deyil, daha çox əlavə dəyər yaradan məhsul və xidmətlər istehsal etməkdir.
Bunun əsas açarı isə, istedad, texnologiya və ekosistemin birləşməsidir. Burada istedadın, insan kapitalının rolu son dərəcə böyükdür. Mövzu əmək bazarı prizmasından təqdim olunsa da, bu yanaşma müəyyən qədər məhdudlaşdırıcı ola bilər. Xüsusilə ona görə ki, auditoriyadakı bir çox insan mütləq şəkildə iş axtaran şəxslər deyil, əksinə, iş yerləri yaradan insanlardır.
Məncə, məhz bu, bu auditoriyanın və Baku ID fəlsəfəsinin ən yüksək dəyəridir. Əlbəttə, beşillik ilk kiçik yubileyinizə doğru irəliləməyiniz böyük nailiyyətdir. Texnologiyadan danışanda isə söhbət süni intellektdən — AI-dan gedir.
Azərbaycan nümunəsində də, düşünürəm ki, burada çox açıq danışmalıyıq. Məncə, qarşıdakı dövr 2030-cu ilə qədər olan müddət üçün əsas məqsədimiz bu texnoloji dəyişikliklərin gətirə biləcəyi imkanlardan çox yüksək səviyyədə, səriştəli şəkildə istifadə edən bir ölkə olmaqdır”.
Şahanə Rəhimli,
Musavat.com