"Mina partlamasından sonra toyu təxirə düşdü, nişanlısı da..." - Tamam Cəfərovanın təsirli həyatı

Tovuz rayonunun Qoşakənd sakini, mina qurbanı Tamam Cəfərova gəncliyinin ən gözəl çağlarında mina partlayışının həyatını necə dəyişdirdiyi barədə Musavat.com-a danışıb.

Mina qurbanı yaşadığı faciəyə baxmayaraq, ruhdan düşmədiyini, yaradıcılıq və zəhmətlə həyata yenidən sarıldığını bildirib.

Tamam Cəfərovanın sözlərinə görə, 1976-cı ildə Tovuzun Qoşakənddə anadan olub, elə orada da böyüyüb. Məktəbdə uşaq birliyi təşkilatının sədri olsa da, yay aylarında kənd təsərrüfatı işləri ilə məşğul olub, heyvan otarırmış:

“Heyvanları otararkən, 21 yaşımda minaya düşdüm. Allah heç kəsə göstərməsin, çox ağır bir dövrdür. İnsan buna heç vaxt hazır olmur”.

MİNA SON.jpeg (176 KB)

Mina partlayışından sonrakı anları xatırlayan T.Cəfərova həmin dəqiqələrin həyatının ən ağır sınağı olduğunu deyib:

“Göylərdə uçurmuş kimi oldum. Yerə düşəndə baxdım ki, ayağım yoxdur. Əlimə, üzümə baxdım ki, gözüm, saçım yerindədir. Amma bir ayağım tamamilə yox idi, o biri ayağım isə ağır yaralanmışdı. Sağ ayağımda çapıqlar qaldı, onu da çox çətinliklə saxladılar. O anda anlayırsan ki, artıq əvvəlki insan deyilsən”.

Onun sözlərinə görə, mina partlayışı yalnız onun deyil, ailəsinin də həyatına ağır zərbə vurub.

“Təsəvvür edin, mənim toyum üçün hazırlanan heyvanlar mənim müalicəmə xərcləndi. Bu, valideynlərim üçün çox ağır zərbə oldu. Atam həmişə yarızarafat deyirdi ki, o heyvanları toyumda kəsəcək. Amma tale başqa cür yazıldı”, – deyə Tamam Cəfərova kövrələrək danışıb.

Gənclik arzularının yarımçıq qaldığını gizlətməyən mina qurbanı sevdiyi insanla yollarının ayrıldığını da etiraf edib:

“Rəsmi nişanlı deyildik, amma ailələr arasında söhbətlər vardı, öz aramızda da münasibətimiz var idi. Sonralar rastlaşdıq. Mən özüm bu evliliyə rəva bilmədim... Amma nə sevgimdən peşmanam, nə də yaşadıqlarımdan”.

Tamam Cəfərova ailə qurmadığını, lakin ailəsinin və yaxınlarının daim ona dayaq olduğunu bildirib:

“Ailə qurmadım. Amma ailəm, qardaşlarım sağ olsunlar, mənə motivasiya verirlər, arxamda dayanırlar. Özüm gedib-gəlirəm, çalışıram ruhdan düşməyim”.

O bildirib ki, mina faciəsindən sonra həyata küsməyib, yaradıcılığa daha ciddi sarılıb. Hazırda dərziliklə məşğul olur. Layihə çərçivəsində ona təqdim edilən naxışvurma aparatı peşə fəaliyyətini genişləndirməsinə imkan yaradıb.

“Əvvəldən yaradıcılığa marağım var idi, amma bir az gizli şəkildə məşğul olurdum. Sonra ruhdan düşmədən davam etdim. Hazırda dərziliklə məşğulam, əl işləri görürəm. Eyni zamanda şairəm, üç kitab müəllifiyəm, şeirlər kitablarım nəşr olunub. Dövlət tədbirlərində, sərgilərdə iştirak edirəm”, – deyə Tamam Cəfərova bildirib.

O, xüsusilə doğma torpaqlarına qayıdan insanlara səslənib:

“Gedəndə qoyulan sərhədləri keçməsinlər. Özlərini, ailələrini qorumaq naminə təhlükəli ərazilərə daxil olmasınlar. Mina təhlükəsi ilə bağlı qaydalara ciddi əməl etsinlər. Mina insan əli ilə yaradılan bəladır faciədir. Mənim dünya birliklərinə müraciətim var – bu dayandırılmalıdır. Bu, böyük rəzalətdir. İnsanlar göz görə-görə faciə yaşayırlar”.

Afaq Mirayiq,
Musavat.com

26.05.2026 17:26
1521