Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin növbəti mərhələyə keçməsinə razılıq verib. Qanun layihəsi Rusiyaya qarşı iqtisadi təzyiqin daha da artırılmasını nəzərdə tutur. Sənədin əsas istiqamətlərindən biri Rusiyanın enerji gəlirlərinə zərbə vurmaq və Moskva ilə enerji əlaqələrini davam etdirən ölkələrə əlavə tarif təzyiqi yaratmaqdır.
“Reuters”in məlumatına görə, layihə Rusiya enerjisinin böyük həcmdə alıcılarına qarşı 100 faizə qədər əlavə tarif tətbiq etmək imkanını nəzərdə tutur. Bu mexanizm xüsusilə Rusiya neft və qazının iri alıcıları üçün ciddi iqtisadi təzyiq vasitəsi kimi qələmə verilir. ABŞ Prezidenti Donald Tramp da qanun layihəsinə dəstəyini ifadə edib. Bununla belə, Nümayəndələr Palatasında sənədin yekun taleyi tam aydın deyil. Demokratlar arasında layihənin prezidentə əlavə tarif səlahiyyətləri verməsi ilə bağlı narahatlıq var. Bəzi qanunvericilər bunun ABŞ-nin müttəfiqlərinə və ölkə daxilində istehlakçılara əlavə iqtisadi yük yarada biləcəyini düşünürlər. Müzakirələrin sentyabrın 15-dən etibarən Nümayəndələr Palatasının gündəliyinə çıxarılması gözlənilir.
Politoloq Kənan Novruzov Musavat.com-a deyib ki, bu təşəbbüs ABŞ siyasi elitasında, o cümlədən Palatada ciddi müzakirələrə səbəb olacaq: “Hətta Trampın komandasında bu məsələ ilə bağlı fikir ayrılığının yaranması mümkündür. Məsələ burasındadır ki, sanksiyalar Rusiya iqtisadiyyatına təsir etsə də, müharibənin bitməsi üçün həlledici faktor deyil. Əksinə, bəzi hallarda bu məhdudiyyətlər Rusiya daxilində istehsalın güclənməsinə şərait yaradır. Əgər ABŞ -də sözügedən qanun layihəsi təsdiqlənərsə, bu özü də Rusiya üçün əhəmiyyətli məqam olmayacaq və savaşı bitirməyəcək. Əksinə, perspektivdə Moskva- Vaşinqton münasibətləri kəskinləşə bilər. Bu isə ABŞ-nin müharibəni bitirmək səylərini zəiflədəcək. Fikrimcə, Ağ Ev müharibəni bitirmək istəyirsə, daha çox diplomatiyaya üstünlük verməlidir”.
Cavanşir Abbaslı
Musavat.com