Müasir internat, qarşısında da orta əsr bataqlığı - Türkanda rəzalət - VİDEO

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində, adını ölkə üzrə yüzlərlə uşağın taleyi ilə bağlayan bir təhsil müəssisəsi var - sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi.

Bu məktəb vaxtilə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. Divarları, sinifləri, yataqxanası, bir sözlə hər şey müasir standartlara uyğun təmir edilib. Burada 175 şagird yaşayır və təhsil alır. Lakin məktəbin qarşısına çıxan bir problem var - düz önündə illərdir ki, göl yaranır. Bu “göl” təbiət hadisəsi deyil, Xəzər rayon Sukanal İdarəsi rəisinin laqeydliyinin nəticəsidir.

Sakinlərin dediyinə görə, məktəb önündəki “göl”ün altında kanalizasiya xətləri var, amma bu xətlər illərdir tıxanıb. Yağış yağmasa belə, su yığılır, çirkaba qarışır, bataqlığa çevrilir. Yəni problem bir günün, bir mövsümün deyil, illərin məhsuludur.

Üstəlik, qəsəbə sakinləri də, məktəb rəhbərliyi də, valideynlər də Xəzər rayon Sukanal İdarəsinə dəfələrlə müraciət ediblər. Amma nəticə? Nəticə yoxdur. Telefon açılsa da, kanalizasiya xətləri açılmır. Müraciətlər yazılsa da, cavab yazılmır. İdarənin rəisi David Əhəd oğlu Quliyev isə sakinlərin iddiasına görə, bu problemə uzun müddətdir reaksiya vermir. Ətrafdakı hər kəs bu gölü görür, bircə Xəzər Sukanal İdarəsi görmür.

Bu gölün qurbanları isə hamıdan əvvəl 6 nömrəli internat məktəbinin şagirdləridir. Artıq faciə yaşanıb, məktəblilərdən biri gölün içində düzülmüş daşların üzərində yıxılaraq xəstəxanaya düşüb. Bu uşaqlar sağlamlıq imkanları məhdud uşaqlardır, bəziləri hər gün məktəbə çatmaq üçün onsuz da fiziki çətinliklərlə mübarizə aparır.

Üstəlik, indi bir də bu göl maneə zolağından keçməli olurlar. Bakıdan 15-20 kilometr aralıda, dövlətin xüsusi qayğısında olan bir məktəbin qarşısında uşaqlar dərsə gedə bilmək üçün gölün içi ilə “tarazlıq oyunu” oynayır. Bütün qəsəbə bilir ki, problemin həlli çox çətin deyil, kanalizasiya xətti açılıb təmizlənsə, göl yox olacaq. Amma görünür, heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Nəticədə, göl də qalır, qoxu da qalır, uşaqlar üçün təhlükə də…

Şəhanə Rəhimli,
Musavat.com

11.12.2025 13:25
1047