Azərbaycanda benzin və dizel qiymətlərinin artması həyatın bir çox sahələrinə təsir göstərdiyi kimi, Bakıdan rayonlara sərnişin daşıyan taksilərin tariflərində də özünü açıq şəkildə göstərib. Mütəmadi olaraq rayonlara gedib-gələn sərnişinlər bildirirlər ki, qiymətlər əvvəlki dövrlə müqayisədə təxminən 1–2 manat artıb. Onların sözlərinə görə, sürücülər bu artımı gediş-gəliş xərclərinin çoxalması ilə izah edir və qiyməti qaldırmağa məcbur qaldıqlarını deyirlər.
Musavat.com-un əməkdaşı real vəziyyəti yerində öyrənmək üçün Bakıdan rayonlara sərnişin daşıyan bir neçə məkana baş çəkib.
İlk olaraq 20 Yanvar metrosu yaxınlığında, körpünün altında dayanaraq rayonlara sərnişin çağıran sürücülərlə söhbət etdik. Burada müxtəlif rayon adlarını ucadan səsləyən sürücülərin səsi bir-birinə qarışır, hər kəs bir müştəri tapmaq üçün tələsir. Sürücülər qiymət artımını təsdiqləyir və bunun əsasən 1–2 manat civarında olduğunu bildirirlər. Onların sözlərinə görə, yanacağın bahalaşması, yol xərcləri və avtomobilin saxlanılması əvvəlki kimi deyil.
Metro yaxınlığında bir-birinin müştərisini “oğurlamağa” hazır olan, soyuq havada saatlarla ayaqüstə qalan sürücülər əsasən müştəri azlığından gileylənirlər. Onlar deyirlər ki, bəzən 4–5 saat ərzində cəmi bir maşın doldurmaq mümkün olur. Sürücülərdən biri narazılığını gizlətmir:
“Təsəvvür edin, səhər saat 8-dən buradayam, saat 3-ə kimi cəmi 2 nəfər müştəri tapa bilmişəm. Sonra da deyirlər ki, qiymət niyə qalxıb. Biz buz kimi havada dayanıb camaatı çağırırıq. Müştəri öz-özünə gəlib oturmur ki. Müştəri olsaydı, burada it kimi ulayardıq? Bu yerlər bizə ayrılıb ki, camaatı yığaq, amma qazanc demək olar ki, qalmayıb. Zülüm çəkirik”.
Digər sürücü isə konkret hesab aparır. Onun sözlərinə görə, Lerik istiqamətində bir gediş-gəliş təxminən 50 manata başa gəlir: “Belə olanda məcbur qalırıq ki, bir nəfəri 15–17 manata aparaq. Yoxsa xərci necə çıxaraq? Biz də dolanmalıyıq”.
Sürücülər bildirirlər ki, qiymətlər birbaşa məsafədən asılıdır və uzaq rayonlara gediş haqqı daha baha olur.
Onların dediyinə görə, Astaraya sərnişin 30 manata, Masallıya 20 manata aparılır. Sabirabad və Cəlilabad istiqamətində gediş haqqı 15 manatdır. Füzuli–Horadiz istiqamətində isə taksilər sərnişinləri 25 manata aparır. Sürücülər etiraf edirlər ki, bu məbləğlər az deyil, amma başqa çıxış yolu da görmürlər.
Söhbət zamanı məlum olur ki, ən ucuz istiqamətlər Xaçmaz və Şamaxıdır. Bu rayonlara bir nəfər üçün gediş haqqı 12–13 manat civarındadır. Sürücülər deyirlər ki, bu qiymətlər də əvvəlki dövrlə müqayisədə artıqdır, lakin xərclər artdığı üçün endirim etmək mümkün deyil.
Eyni mənzərə 3-cü mikrorayon dairəsində, körpünün altında da müşahidə olunur. Burada da sürücülər sərnişin tapmaq üçün bir ağızdan rayon adlarını səsləyir, yaxınlaşan hər kəsin ətrafına toplaşırlar.
Sürücülər çəkilişə razı olmur, amma narazılıqlarını açıq şəkildə dilə gətirirlər:
“Hamı deyir ki, qiymət qalxıb. Bir də bizim vəziyyətimizə baxın. Səhər saat 5-dən bu körpünün altındayıq. Bu soyuqda heç fəhlə çöldə işləməz. Buradakı sürücülərin çoxu kənddən gəlib, işsizdir. Hər gün müştəri tapılmır, çörəyimiz daşdan çıxır”.

Avtovağzaldakı vəziyyəti də araşdırdıq. Burada sərnişinlər bildirirlər ki, avtobus və mikroavtobuslarla rayonlara getmək xeyli ucuz başa gəlir. Bəzi istiqamətlər üzrə bilet qiymətləri 4 manat 30 qəpiyə qədərdir.

Lakin problem ondadır ki, 12–15 nəfərlik mikroavtobuslar əsasən günorta saat 2-yə qədər fəaliyyət göstərir və səhər saat 8-də, 9-da, 12-də yola düşürlər. Günün ikinci yarısında isə bu nəqliyyat növünü tapmaq çətinləşir.
Rayonlara gedən iri tutumlu avtobuslar da mövcuddur. Bu avtobuslar mikroavtobuslarla müqayisədə daha rahat şəraitə malikdir və yer sayı bəzi istiqamətlər üzrə 55 nəfərə qədər çatır. Lakin vaxt məhdudiyyəti və bəzən yerlərin tez dolması sərnişinləri alternativ axtarmağa məcbur edir. Məhz bu səbəbdən bir çox sərnişinlər daha baha olsa da taksilərlə rayona getməyə üstünlük verir.

Beləliklə, yanacağın bahalaşması Bakı–rayon sərnişin daşımalarında həm sürücüləri, həm də sərnişinləri çətin vəziyyətə salıb. Sürücü soyuqda saatlarla müştəri gözləyir, sərnişin isə artan qiymətlərlə barışmalı olur. Mövcud şəraitdə hər iki tərəf vəziyyətdən narazıdır.
Şahanə Rəhimli
Musavat.com