Süni intellektin sürətli inkişafı artıq təkcə texnoloji tərəqqi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Çin Dövlət Təhlükəsizliyi naziri Çen İsin süni intellektin Pekin üçün yaratdığı əsas riskləri sadalayaraq xəbərdarlıq edib ki, bu texnologiyalar “informasiya və koqnitiv müharibə” üçün istifadə oluna bilər.

Texnologiyalar sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olan Çinin yüksək rütbəli rəsmisinin bu narahatlığı diqqət çəkir.
Bəs süni intellekt dövlətlərin təhlükəsizliyi üçün hansı real təhdidlər yaradır?
İnformasiya texnologiyaları, marketinq üzrə ekspert Fərhad Kərimli Musavat.com-a deyib ki, süni intellektin yarada biləcəyi təhlükələrlə bağlı narahatlıqlar artıq texnologiya şirkətlərinin rəhbərləri tərəfindən də səsləndirilir: “Ötən həftə məşhur süni intellekt şirkəti “Anthropic”in rəhbəri Dario Amodei şirkətlər və hökumətləri süni intellekt modellərinin inkişaf tempinin azaldılması və ciddi monitorinqinə çağırıb. “OpenAI”nin baş direktoru Sam Altman və İlon Musk da bu texnologiyaların ciddi risklər yaratdığını vurğulayıblar. “Anthropic”dən ayrılan süni intellekt tədqiqatçısı Jacob Coxon isə “Əgər mövcud inkişaf tempini azaltmasaq, yaxın gələcəkdə hamımızın ölməsi ehtimalı kifayət qədər yüksəkdir” fikri ilə gündəmə gəlib. Bütün bu xəbərdarlıqlar fundamental bir sualı gündəmə gətirir: süni intellektin sürətli inkişafı dövlətlər və cəmiyyətlər üçün hansı real təhlükələri yaradır? Məncə, bu texnologiyanın ən ciddi tərəfi odur ki, əvvəldən mövcud olan bir sıra təhlükələri – dezinformasiya, kiberhücum, casusluq, informasiya müharibəsi və hərbi rəqabəti daha sürətli, daha ucuz və daha böyük miqyasda həyata keçirməyə imkan verir”.

Onun fikrincə, çinli nazirin açıqlamalarına da bu kontekstdə baxmaq lazımdır: “BMT Baş katibi Antonio Quterreş də 2025-ci ilin sentyabrında Təhlükəsizlik Şurasında bildirib ki, süni intellektlə dəstəklənən kiberhücumlar kritik infrastrukturu dəqiqələr ərzində poza və ya sıradan çıxara bilər. O, saxtalaşdırılmış audio və videonun informasiya bütövlüyünü poza, cəmiyyətdə qütbləşməni gücləndirə və hətta diplomatik böhranlara səbəb ola biləcəyini vurğulayıb. “Koqnitiv müharibə” anlayışının əsas təhlükəsi də məhz buradadır. Süni intellekt müxtəlif auditoriyalar üçün fərqli mesajlar hazırlaya, real insanların səsini və görüntüsünü təqlid edə, böyük həcmdə məzmunu müxtəlif dillərdə qısa müddətdə istehsal edə bilir”.
Ekspertə görə, əvvəllər böyük dezinformasiya kampaniyası üçün ciddi insan resursu, vaxt və maliyyə lazım idisə, süni intellekt bu xərcləri əhəmiyyətli dərəcədə azalda bilər: “Daha təhlükəlisi isə məzmunun fərdiləşdirilməsi potensialıdır. Müxtəlif insan qruplarına onların maraqlarına, qorxularına və həssas nöqtələrinə uyğun fərqli mesajlar ötürmək mümkündür. Bu baxımdan süni intellektin yaratdığı risk ictimai rəyə təsirin sənayeləşməsidir. Kibertəhlükəsizlik sahəsində də oxşar vəziyyət yaranır. Böyük Britaniyanın “AI Security Institute”u qabaqcıl süni intellekt modellərini kiber zəifliklərin müəyyənləşdirilməsi, mürəkkəb kiberhücum ssenariləri, avtonom fəaliyyət, eləcə də bioloji və kimyəvi risklər üzrə test edir. İnstitutun 2026-cı il araşdırmalarında süni intellekt agentlərinin çoxmərhələli kiberhücum ssenarilərində imkanlarının ölçülməsi ayrıca istiqamət kimi yer alır. 2026-cı il “International AI Safety Report”da da ümumi təyinatlı süni intellekt sistemlərinin bioloji və kimyəvi silahların hazırlanması ilə bağlı məlumat və laboratoriya təlimatları təqdim etmək qabiliyyətinin artdığı qeyd olunur. Hesabatda bəzi şirkətlərin bu risklər tam istisna edilə bilmədiyi üçün modellərinə əlavə təhlükəsizlik məhdudiyyətləri tətbiq etdiyi bildirilir”.
Fərhad Kərimli qeyd edib ki, hərbi sahədə isə məsələ daha stratejidir. Süni intellekt kəşfiyyat məlumatlarının təhlili, hədəflərin müəyyənləşdirilməsi, pilotsuz sistemlər və qərar dəstəyi baxımından ordulara ciddi üstünlük verə bilər. “Məhz buna görə Çinin narahatlığının texnoloji hissəsini kifayət qədər əsaslı hesab edirəm. Lakin burada ikinci, daha həssas məsələ ortaya çıxır, bu təhlükələrə cavab olaraq dövlət nə qədər nəzarət etməlidir? “Süni intellekt təhlükəlidir, ona görə dövlət nəzarəti maksimuma çatdırılmalıdır” yanaşması da doğru deyil. Dövlətin süni intellekt üzərində nəzarətinin artması öz-özlüyündə təhlükəsizliyin təminatı demək deyil. Eyni texnologiya xarici dezinformasiyaya qarşı müdafiə üçün istifadə oluna bildiyi kimi, kütləvi müşahidə və informasiya nəzarəti üçün də tətbiq edilə bilər. Ona görə risk əsaslı tənzimləməni daha doğru model hesab edirəm”,- deyə ekspert bildirib.
Afaq Mirayiq,
Musavat.com