Məmmədəli Şərifli küçəsi ilə Yavər Əliyev küçəsinin kəsişməsində yaranmış problem tullantı su xəttində baş verən ciddi qəza ilə əlaqədardır.
Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Azərbaycan Su Ehtiyatları Agentliyindən bildirilib.
Qurumun məlumatına görə, sözügedən ərazidə 8 metr dərinlikdə yerləşən tullantı su xəttində qəza qeydə alınıb:
"Qəzanın məhz bu qədər dərində olması, həmçinin 4 və 8 metr dərinlikdə yerləşən quyuların uzunmüddətli aşınma nəticəsində dağılması bərpa prosesini xeyli çətinləşdirib. Dağıntıların xəndəkdən çıxarılması, həmçinin həmin qazıntının içindən keçən digər kommunikasiya xətlərinin istismar qaydalarına uyğun şəkildə zədələnmədən köçürülməsi əlavə vaxt tələb edən əsas amillərdir".
Qurumdan bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində qazılmış xəndəyin torpaq divarlarının bərkidilməsi mütləq olduğundan işin tempi məhz bu səbəbdən ləngiyir. Son günlər yağan intensiv yağışlar isə prosesi daha da çətinləşdirib.
Agentlik qeyd edib ki, xəndəyin içərisində möhkəmləndirmə işləri tam başa çatdıqdan sonra qazıntı davam etdiriləcək, çünki qəza nöqtəsi dərinlikdə yerləşdiyindən bütün mərhələlər xüsusi nəzarət tələb edir:
"Hazırda xüsusi texnika vasitəsilə boru xəttinin içərisinin yuyulması aparılır. İşlərə bir neçə rayonun sukanal idarələrinin əməkdaşları cəlb olunub və proses cavabdeh şöbələrin rəhbərlərinin nəzarəti altında fasiləsiz şəkildə davam etdirilir".
Agentliyin məlumatına görə, bütün tələb olunan işlər plan üzrə görülür.
Qurum eyni zamanda bildirib ki, tullantı su şəbəkəsində iri həcmli bərpa işləri aparıldığı zaman həmin təchizata qoşulan abonentlərin su təminatında müvəqqəti qrafik dəyişikliklərinin və fasilələrin olması qaçılmazdır:
"Çünki içməli su istifadə olunduqdan sonra tullantı suyuna çevrilərək məhz kanalizasiya kollektorları vasitəsilə axıdılır. Hazırda isə sözügedən ünvanda tullantı su xətti tam işlək vəziyyətdə olmadığından fasilələr labüddür".
Agentlik vurğulayıb ki, məqsəd sıradan çıxmış tullantı su şəbəkəsində baş verən qəzayı mümkün qədər qısa zamanda aradan qaldırmaqdır və işlər intensiv şəkildə davam etdirilir.
***
Nizami rayonunda, xüsusən Məmmədəli Şərifli və Yavər Əliyev küçələrinin kəsişməsində 3 həftədən çoxdur davam edən qazıntı və su problemi sakinləri artıq dözülməz həddə çatdırıb.
Musavat.com xəbər verir ki, ərazidə yığılan tullantı suları, yolun çökəcəyi ehtimalı və davamlı su kəsintiləri narazılıqları daha da artırıb.
Musavat.com-da üç həftə əvvəl həmin ərazidə aparılan qazıntı işləri və suyun yığılması ilə bağlı yazı (https://musavat.com/news/nizami-rayonunda-su-problemi-sakinlerin-naraziligina-qurumdan-cavab_1217373.html) dərc edilmişdi. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, vəziyyət nəinki düzəlib, əksinə, daha da ağırlaşıb.
Sakinlərin sözlərinə görə, Məmmədəli Şərifli - Yavər Əliyev küçələrinin kəsişməsində işlər çox ləng aparılır. Nəticədə qazılan əraziyə yağış yağdıqca yenidən su dolur. Hər dəfə su çəkilsə də, sonra yenidən həmin sahə gölməçəyə çevrilir.
Sakinlər bildirirlər ki, üç həftədir qazıntı dayanıb, yol bərpa olunmayıb. Yolun çökəcəyi ehtimalı insanlarda ciddi narahatlıq doğurur. Binada mütəmadi olaraq su kəsintiləri baş verir.
Problemlər təkcə həmin kəsişmə ilə məhdudlaşmır. Sakinlərin sözlərinə görə, Məmmədəli Şərifli küçəsindən Bakıxanov istiqamətinə gedən yolda da ciddi su yığılması müşahidə olunur.
Kanalizasiya xəttində yaranan nasazlıq səbəbindən yağışdan sonra yol yarım metrə qədər su altında qalır. Avtobuslar belə suya batmamaq üçün istiqamətlərini dəyişməyə məcbur olur. Bu isə həm gecikmələrə, həm də nəqliyyat sıxlığına gətirib çıxarır.
Sürücülər və sakinlər deyirlər ki, bu vəziyyət artıq uzun müddətdir davam edir və heç bir qurum problemə yekun həll təqdim etmir. Hər iki yol seqmentində yaşayan əhali aidiyyəti qurumlardan rəsmi açıqlama və problemin nə vaxt aradan qaldırılacağına dair dəqiq tarix gözləyirlər.
Afaq Mirayiq,
Foto, video müəllifindir,
Musavat.com