Türkiyədə Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan “rüşvət” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan və həbs edilən bələdiyyə sədri Muhittin Böcek, oğlu Mustafa Gökhan Böcek və gəlini Zuhal Böcekin əmlakları müsadirə olunub.
Musavat.com xəbər verir ki, istintaq çərçivəsində onlara qarşı “rüşvət alma”, “mənimsəmə” və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.
İstanbul Baş Prokurorluğunda ifadə verən Zuhal Böcek həyat yoldaşı Gökhan Böcekin nə işlə məşğul olduğunu və gəlir mənbələrini bilmədiyini deyib. O bildirib ki, əri varlı ailədən gəldiyi üçün maddi problemlər yaşamayıblar və qayınanası ilə qayınatasının tez-tez onlara dəstək olduğunu düşünüb.
Zuhal Böcek ifadəsində həyat yoldaşının narkotik istifadə etdiyindən şübhələndiyini də açıqlayıb. O bildirib ki, bir dəfə ərinin cüzdanında ağ toz qalığı görüb və bundan sonra onun şəxsi əşyalarını yoxlamağa başlayıb. Bununla yanaşı, məhkəmə tibbi ekspertizasının rəyində narkotik istifadəçisi kimi göstərilsə də, özü heç vaxt narkotikdən istifadə etmədiyini iddia edib.
İfadədə diqqət çəkən məqamlardan biri də “10 faizlə dolanır” sözləri ilə bağlı olub. Zuhal Böcek bu ifadənin ailədaxili torpaq mübahisəsi ilə əlaqəli olduğunu, bələdiyyədə tenderlərdən “10 faiz pay” alındığı barədə hər hansı məlumata sahib olmadığını deyib.
İstintaq materiallarında Zuhal Böcekin 2024-cü ilin mayında bazar qiymətindən xeyli aşağı məbləğə mənzil aldığı da qeyd olunub. O isə mənzili tikinti mərhələsində aldığını, ödəniş üçün avtomobilini satdığını və topladığı qızılları həyat yoldaşına verdiyini bildirib.
Bundan başqa, Zuhal Böcekin telefonunda aşkarlanan mesajlarda “75 milyonun yuyulması” və “bələdiyyə maşınlarında kokain daşınması” ilə bağlı iddialar yer alıb. O isə bu mesajları həyat yoldaşını qorxutmaq məqsədilə yazdığını, narkotik daşınmasına şahid olmadığını deyib.
Musavat.com