Öldürülən Asif həkim 44 günlük müharibədə nələr edibmiş... - professor Firdovsi İbrahimov yazdı  

Tanınmış ürək-damar cərrahı, professor Firdovsi İbrahimov öldürülən radioloq Asif Nəsirli ilə bağlı təsirli müəllif yazısı yazıb. 

Musavat.com həmin yazını təqdim edir:

Bir qəhrəman həkimin itkisi:
“Əsgərləri tək qoymadı…”

Əziz məsləkdaşım Asif Nəsirliyə qarşı edilən terrorun ilk günlərində dəhşət içində olsaq da, bəlkə yaşayar deyə ümid etdim. Amma təəssüf ki, bu dəyərli insanı və əvəzsiz həkimimizi itirdik. 44 günlük müharibədə onun fədakarlığını bir daha xatırlamış oldum. Amma bir terrorist, vətən xaini bu vətənpərvər insanın həyatına son qoydu. Bu terrorist qazi deyil. Onu da dəqiq araşdırdım.

2020-ci il 44 günlük müharibədə TƏBİB-in ana binasında (müvəqqəti olaraq Bərpa Mərkəzində yerləşmişdi) müharibə ilə əlaqədar bütün tibbi işlər koordinasiya mərkəzi tərəfindən idarə edilirdi. Başda o zaman TƏBİB-in sədri Ramin Bayramlı olmaqla, mərkəzi idarədə komanda şəklində işləyirdik. Müharibənin ilk günündən etibarən mənim vəzifəm ixtisas üzrə mütəxəssis həkimlərin yaralılara ən erkən müdaxilə edilə biləcək şəkildə müharibə bölgəsindəki xəstəxanalara yerləşdirilməsi idi.

Çox qürurla deyə bilərəm ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq, bu məsləkdaşlarımın demək olar ki, hamısı bir zənglə 4-5, ən geci 6 saat içində döyüş bölgəsindəki xəstəxanalarda hazır olub işə başlayırdılar.

Müharibənin ilk vaxtlarında rəhmətlik Asif Nəsirli mənə zəng vuraraq onun da bu işlərdə yer almaq istədiyini bildirmişdi. O zaman ixtisası gərəyi ona ehtiyac olmasa da, kömək etmək istədiyini söyləmişdi. Mən isə ona Bakıdan göndərməkdə olduğumuz təcili yardımlardan birindəki həkim yoldaşın nömrəsini verərək tibbi və gündəlik yeyəcək daxil olmaqla ehtiyaclara kömək etməsini söylədim. Gərəkən əksiklikləri bizə bildirməsini istədim.

Amma Asif həkim özü işi mükəmməl şəkildə nəzarətdə saxladı. Müharibədən sonra təcili yardımdakı həkim Asif həkimin müharibə bitənə qədər təcili yardım heyəti ilə birlikdə əsgərlərə qida daxil olmaqla gərəkən ehtiyacları davamlı göndərdiyini bildirdi.

Müharibədən sonra YAŞAT Fondu vasitəsilə xəstələrin həkimlərlə əlaqələndirilməsi işində də Asif həkim var gücü ilə çalışdı.

Asif Nəsirlinin qardaşı deyir ki, həkim terroristin daha çox adam öldürməsinin qarşısını almaq üçün özünü fəda edib.

WhatsApp Image 2026-05-08 at 12.36.08.jpeg (324 KB)

Mənim üçün Asif Nəsirli bir Milli Qəhrəmandır.

44 günlük müharibədə mən hər bir həkimimizin qəhrəman kimi necə işlədiklərinin şahidiyəm.

Sosial mediada bu hadisə ilə bağlı çirkin paylaşımlar edənlərin səhifələrini gözdən keçirdim. Bunların 60 faizdən çoxu xarici agentlərin azərbaycanlı kimi açdığı saxta profillərdir. Öz pislikləri üçün əllərindən gələni edirlər. Qalanların isə demək olar ki, hamısı kimlərinsə oyuncağına çevrilmiş və ya parazit kimi həyat sürən insanlardır. Pisliklərini qusmağa yer axtarırlar. İyrəncdirlər.

Onlar bu ölkəyə faydası olan müəllim, hərbçi, alim, həkim, polis, hakim, elm adamı, iş adamı, sənətkar və digər insanlara davamlı olaraq öz pis niyyətlərini yönəldirlər. Bir hissəsini tanıdığım bu tipləri nə öz ailələri, nə də ətrafları sayır.

Bu ölkə hamımızındır. Bu ölkənin dəyərli insanlarını qorumaq hər birimizin borcudur. Belə dəyərli insanların yetişməsi çox çətin və yorucudur.

Bir atanın Asif kimi oğulu itirməsi indi görün nə deməkdir…

Allah atasına və ailəsinə səbr versin.

Firdovsi İbrahimov,
ürək-damar cərrahı, professor

08.05.2026 11:29
1355