Paşinyan soyundu: Ermənistanın baş naziri Göyçə gölündə belə ağnadı – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti qeyri-adi videosu ilə sosial şəbəkələrin gündəminə düşüb.

Musavat.com xəbər verir ki, Paşinyan paltarlarını çıxararaq Göyçə gölünə girib, bir qədər üzdükdən sonra sahilə qayıdıb. Baş nazirin bu dəfəki “su macərası” da köməkçilərinin kameralarından yayınmayıb və bütün proses əvvəldən sona qədər lentə alınıb.

Peşəcə jurnalist olan Paşinyan baş nazir kürsüsündə əyləşdikdən sonra da köhnə vərdişlərini unutmayıb. O, getdiyi hər yerdən video çəkir, velosiped sürməsindən səhər yeməyinədək gündəlik həyatının müxtəlif anlarını sosial şəbəkə izləyiciləri ilə bölüşür. Görünür, Ermənistanın baş naziri həm də öz həyatının xüsusi müxbiri olmaqda davam edir.

Paşinyan videonu “Sevan (Göyçə) mövsümünü, demək olar ki, bağlayırıq” qeydi ilə paylaşıb. Ermənistanın İctimai Televiziyası da baş nazirin paylaşımını bu başlıqla yayıb.

Beləliklə, Ermənistan siyasətində problemlər hələ açıq qalsa da, Paşinyan Göyçədə çimərlik mövsümünü şəxsən bağlamağa qərar verib.

Musavat.com Nikol Paşinyanın özünün paylaşdığı həmin maraqlı görüntüləri təqdim edir.


Musavat.com

 

12.09.2026 13:25
2022