Prezidentliyə namizəddən Trampa ittiham: Daxili işlərimizə qarışır

Hondurasın hakim Azadlıq və Yenidənqurma Partiyasından prezidentliyə namizəd Riksi Monkada ABŞ prezidenti Donald Trampı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, o, mətbuat konfransında Trampın onun rəqiblərini dəstəkləyən son açıqlamalarını belə qiymətləndirib. Monkada bildirib ki, bu açıqlamalar seçkiqabağı sükutun pozulmasıdır: "Niyə ABŞ Prezidenti seçkilərdən üç gün əvvəl ikipartiyalı sistemdən olan namizədlərin lehinə iki açıqlama verir? Çünki onun kukla namizədləri uğursuz oldu. Məğlub olduğu üçün sükutu pozmalı və Honduras xalqı tərəfindən dəstəklənən müqavimət namizədinə qarşı iki kampaniya aparmalı oldu".

Monkada vurğulayıb ki, platforması iqtisadiyyatın demokratikləşdirilməsinə, vergi ədaləti qanununun qəbul edilməsinə və kredit sisteminin sadələşdirilməsinə yönəldiyindən geniş ictimai dəstəyə malikdir. O, əlavə edib ki, "Donald Tramp iki paylaşım dərc etməli oldu, çünki proqramımız güclüdür, xalq güclüdür və xalq onların namizədi ilə birlikdə onları artıq məğlub edib".

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerika ölkəsinin sakinlərini bu gün keçirilən seçkilərdə Milli Partiyanın namizədi Nəsri Əsfura səs verməyə çağırıb. O, Riksi Monkadanı solçu partiyanın nümayəndəsi, kommunist və Liberal Partiyanın namizədi Salvador Nəsrallanı "demək olar ki, kommunist" adlandırıb. Tramp Asfuranı "azadlığın dostu" adlandırıb və Milli Partiyanın namizədi qalib gələcəyi təqdirdə Vaşinqtonun Hondurasa tam dəstəyini vəd edib. O, həmçinin Asfuranın partiya yoldaşı, ABŞ-da narkotik qaçaqmalçılığı ittihamı ilə 45 illik həbs cəzası çəkən Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandezi əfv edəcəyinə söz verib.

 

Musavat.com

30.11.2025 08:45
820