“Putin yolu” Ermənistanı hərəkətə gətirdi – Gürcüstana qarşı “Qarabağ variantı”

Rusiyanın Cənubi Qafqaz üçün yeni nəqliyyat təşəbbüsü Ermənistanda müzakirələrə səbəb olub. “Putin yolu” adlandırılan layihə Rusiyanı Abxaziya və Gürcüstan üzərindən Ermənistanla dəmir yolu və avtomobil yolu ilə birləşdirməyi nəzərdə tutur.

Musavat.com xəbər verir ki, layihə Rusiyanın Milli Kommunikasiyaların İnkişafı Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən irəli sürülüb. Marşrutun gələcəkdə Naxçıvan, Culfa və İran istiqamətində davam etdirilməsi də nəzərdə tutulur.

Ermənistanda layihəni dəstəkləyən çevrələr də meydana çıxıb. İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Aram Safaryan bildirib ki, Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişdiyindən Abxaziya üzərindən dəmir yolu əlaqəsinin bərpası məsələsi yenidən gündəmə gətirilə bilər. O, “Putin yolu”nun digər nəqliyyat layihələrinə rəqib deyil, ümumi regional nəqliyyat sisteminin bir hissəsi kimi nəzərdən keçirilməsini təklif edir.

Ermənistanın “Alternativ” Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan isə daha açıq mövqe tutub. O, “Putin yolu”nu vaxtında irəli sürülmüş təşəbbüs adlandıraraq layihənin region ölkələrinə iqtisadi fayda verə biləcəyini bildirib. Manaseryan Ermənistanın təşəbbüsə reaksiya verməli və ekspert, eləcə də iqtisadi dairələrin iştirakı ilə açıq müzakirələrə başlamalı olduğunu deyib. Onun fikrincə, belə bir layihəni görməzdən gəlmək düzgün olmaz.

Layihənin müzakirəsinə İrəvan Dövlət Universitetinin Rusiya Araşdırmaları Mərkəzi və erməni-rus münasibətlərini araşdıran elmi dairələr də qoşulub. Aram Safaryanın sözlərinə görə, təşəbbüs artıq Ermənistanın ekspert və siyasi çevrələrində müzakirə edilir.

Xatırladaq ki, layihənin keçməsi nəzərdə tutulan Abxaziya beynəlxalq səviyyədə Gürcüstanın ərazisi kimi tanınır. Rusiya isə 2008-ci ildən Abxaziyanın “müstəqilliyini” tanıyır.

Bu baxımdan “Putin yolu”na Ermənistanda müəyyən dairələrin dəstək verməsi Qarabağla bağlı keçmiş hadisələrlə siyasi paralelləri də gündəmə gətirir. Ermənistan təxminən 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsini işğal altında saxlayıb, Qarabağda isə separatçı rejim fəaliyyət göstərib. Buna görə də separatçı bölgə üzərindən regional kommunikasiya qurulması ideyasının Ermənistandakı bəzi, o cümlədən revanşist çevrələr tərəfindən dəstəklənməsi diqqət çəkir.

Burada məsələlər fərqli olsa da, əsas birləşdirici məqam separatizm faktorudur. Vaxtilə Qarabağdakı separatçı qurumla sıx əlaqələr saxlayan Ermənistan daxilində indi Abxaziyadan keçəcək marşruta dəstək səslərinin eşidilməsi də məhz bu baxımdan “Qarabağ variantı” ilə paralellər yaradır.

Layihənin qarşısındakı əsas maneələrdən biri də elə Gürcüstanın Abxaziya ilə bağlı prinsipial mövqeyidir. Tiflis bölgəni öz ərazisinin ayrılmaz hissəsi hesab edir və onun statusunun dəyişdirilməsini qəbul etmir.

Musavat.com

06.10.2026 00:26
3503