Putinin Qazaxıstan səfərindən ŞOK GÖRÜNTÜLƏR: Yollar bağlandı, hərbi helikopterlər havaya qaldırıldı

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana rəsmi səfəri zamanı Astanada onun kortejini damında pulemyotçu yeri olan zirehli avtomobil, radioelektron mübarizə (REM) sistemi ilə təchiz edilmiş maşın və hərbi helikopter müşayiət edib.

Musavat.com xəbər verir ki, bu barədə videogörüntüləri araşdıran və ekspertlərlə danışan "Agentstvo" nəşri məlumat yayıb.

Məlumata görə, Putinin limuzinini ümumilikdə 14 motosiklet və 20-yə yaxın avtomobil müşayiət edib, səmada isə onu helikopter qoruyub.

Astanadan yayılan kadrlarda Putinin keçəcəyi yolların kənarında əllərində avtomat olan kamuflyajlı hərbçilərin dayandığı, bəzi yerlərdə isə giriş-çıxışların zirehli texnika ilə bağlandığı görünür.

Bundan əvvəl Qazaxıstan Dövlət Mühafizə Xidməti Rusiya prezidentinin səfəri və Ali Avrasiya İqtisadi Şurasının iclası ilə əlaqədar Astanada hərəkətə müvəqqəti məhdudiyyətlər qoyulacağını açıqlayıb. Bildirilib ki, xüsusi rejim çərçivəsində xüsusi dövlət, hüquq-mühafizə orqanlarının və silahlı qüvvələrin, o cümlədən hərbi aviasiya və texnikanın resurslarından istifadə olunacaq.

Rusiya rəhbərinin rəsmi qarşılanma mərasimi Astanadakı Müstəqillik Sarayında baş tutub. Putin fəxri qarovul dəstəsinin düzüldüyü binanın qarşısındakı meydana gəlib. Üçgünlük səfərə gələn Putini təyyarənin pilləkəni yanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şəxsən qarşılayıb. Qarşılanma mərasimindən sonra liderlər Qazaxıstan prezidentinin "Kedrovıy dom" iqamətgahına yollanıblar və orada təkbətək formatda qeyri-rəsmi dostluq naharı ediblər.

Rusiya mediasının məlumatına görə, bu ünsiyyət zamanı prezidentlər qarşıdakı ikitərəfli danışıqların gündəliyini, eləcə də mayın 29-da Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının sammitinin məsələlərini müzakirə ediblər. Salamlama mərasimi başa çatdıqdan sonra əvvəlcə məhdud, sonra isə geniş tərkibdə danışıqlar başlayıb.

Danışıqların yekununda Tokayev və Putin Astanada "Qazaxıstan və Rusiya xalqlarının dostluğu və qonşuluğunun yeddi əsası haqqında" birgə bəyanat imzalayıblar.

Həmçinin bir sıra dövlətlərarası və idarələrarası sazişlərin mübadiləsi həyata keçirilib. Qazaxıstanın Atom Enerjisi Agentliyi və "Rosatom" Almatı vilayətində atom elektrik stansiyasının tikintisi layihəsi üzrə sənədlər, həmçinin layihənin həyata keçirilməsi üçün ixrac kreditinin verilməsi haqqında saziş imzalayıblar.

Qazaxıstan və Rusiyanın maarif nazirlikləri Qazaxıstanda "Sirius" məktəbinin yaradılması barədə razılığa gəliblər, iki ölkənin energetika nazirlikləri isə neft sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında sazişlər mübadiləsi aparıblar.

Musavat.com

28.05.2026 18:30
1006