Azərbaycanın cənub qapısında, Astara gömrük postunda həyata keçirilən növbəti uğurlu əməliyyat narkotik qaçaqmalçılarının yeni “yaradıcılıq üsulunu” ifşa edib. Bu dəfə cinayətkarlar gizlətmə üçün ən adi kənd təsərrüfatı məhsulunu - qarpızı seçiblər.
Lakin onların planı gömrük nəzarətinin texnoloji və peşəkar imkanları qarşısında iflasa uğrayıb. Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi kompleks əməliyyat nəticəsində “qarpız” yükü daşıyan nəqliyyat vasitəsi saxlanılıb. Stasionar rentgen qurğusundan keçirilən yoxlama zamanı yükdə şübhəli konturlar aşkar edilib. Bu isə artıq siqnal idi və avtomobil dərhal əsaslı yoxlamaya yönləndirilib, yoxlamaya kinoloji xidmət iti də cəlb olunub. Nəticədə qarpızların alt qatında xüsusi üsulla gizlədilmiş 304 bağlama tapılıb. Həmin bağlamalardan ümumi çəkisi 31 kiloqramdan artıq həşiş çıxarılıb. Beləliklə, ölkəyə külli miqdarda narkotik vasitənin daxil olmasının qarşısı alınıb.
Eyni vaxtda Daxili İşlər Nazirliyinin əməkdaşları da genişmiqyaslı əməliyyatlar həyata keçiriblər. Təkcə mayın 4-də 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, 4491 ədəd güclü təsiredici həb dövriyyədən çıxarılıb, ümumilikdə 17 fakt qeydə alınıb. Bu rəqəmlər bir günün statistikasıdır. Və bu statistika göstərir ki, narkotik ticarəti hələ də region üçün ciddi təhlükə olaraq qalır.

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan bazarına daxil olan narkotiklərin böyük hissəsi Əfqanıstan mənşəlidir və əsas tranzit xətlərindən biri məhz İran üzərindən keçir. Deputat diqqətə çatdırıb ki, narkotik ticarəti kriminal qazanc mənbəyi olmaqla yanaşı, regionda terror və qeyri-sabitliyin maliyyə dayaqlarından biridir.
Arzu Nağıyev vurğulayıb ki, narkotiklərlə mübarizə təhlükəsizlik strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilməlidir: “Bu sahədən əldə olunan gəlir terror qruplarının maliyyələşdirilməsi, qanunsuz silahlı dəstələrin saxlanılması və müxtəlif ölkələrdə sabitliyin pozulması üçün istifadə olunur”.
O, region ölkələrinin və beynəlxalq təşkilatların bu istiqamətdə daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb: “Koordinasiyalı addımlar həm narkotik ticarətini, həm də transmilli cinayətkarlığın digər formalarını zəiflədə bilər”.
Azərbaycan həm geostrateji mövqeyinə, həm də Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinə görə cinayətkar şəbəkələrin diqqət mərkəzindədir: “Bu problem yalnız dünya dövlətlərinin birgə səyləri sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır. Sərhədlərdə narkotrafikin ən yaxşı halda 30 faizinə qədərini müəyyən edib götürmək olur. Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir.
SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejimi qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcək. Tranzit kanallar fəaliyyətdədir.
Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, “Qızıl üçbucaq” adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur”.
E.Məmmədəliyev,
Musavat.com