17 avqust 1977-ci ildə SSRİ-nin “Arktika” atom buzqıranı dünya tarixində ilk dəfə suüstü gəmi ilə coğrafi Şimal qütbünə çatdı. Buna qədər həmin nöqtəyə yalnız atom sualtı qayıqları çata bilmişdi.
Musavat.com xəbər verir ki, tarixi səfərin iştirakçılarından Vasili Kotovski sonralar həmin anları belə xatırlayırdı: “Bizi gəminin arxa hissəsinə topladılar və Brejnevin təbrikini oxudular. Baş katibin özünün təbriki baş verən hadisənin dövlət, hətta planet miqyaslı əhəmiyyət daşıdığını göstərirdi”.
Ekspedisiyada ümumilikdə 207 nəfər iştirak edirdi. Onların arasında yüksək vəzifəli şəxslər, gəmi heyəti, tədqiqatçılar və jurnalistlər vardı.
Ekspedisiyanın qarşısında yalnız Şimal qütbünə çatmaq vəzifəsi qoyulmamışdı. Səfər zamanı müxtəlif elmi ölçmələrin aparılması, həmçinin atom buzqıranının qalın buzlarla davamlı toqquşmalar şəraitində dayanıqlığının yoxlanılması nəzərdə tutulurdu.
Səfərin ən diqqətçəkən məqamlarından biri meteoroloji məlumatlarla bağlı yaşanan problem idi. Ekspedisiya iştirakçılarının bildirdiyinə görə, Qərb tərəfi səfər zamanı Qrenlandiya, Kanada və ABŞ Arktikasındakı bütün qütb stansiyalarından meteoroloji məlumatların ötürülməsini dayandırmışdı.
Bu şəraitdə sovet meteoroloqlarına Şimal Torpağı arxipelaqı və Frans-İosif Torpağında yerləşən qütb aviasiyası yardım göstərirdi.
“Arktika”nın səfəri 13 gün davam etdi. Atom buzqıranı avqustun 17-də Şimal qütbünə çatdıqdan sonra geri istiqamət götürdü və avqustun 22-də Murmanska qayıtdı.
SSRİ bayrağı altında həyata keçirilən bu ekspedisiya böyük rezonans doğurdu. Səfərin nəticələri Şimal Buzlu okeanında naviqasiya müddətinin genişləndirilməsi və daha qısa dəniz marşrutlarından istifadə imkanlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Şimal qütbünə növbəti belə səfər düz 10 il sonra baş tutdu. 1987-ci ildə SSRİ-nin digər atom buzqıranı – “Sibir” də Şimal qütbünə çatdı.
Musavat.com