Ermənistan hökuməti Rusiya tərəfindən gələn sərt iqtisadi və diplomatik sanksiya xəbərdarlıqlarından sonra geri addım ataraq, Avrasiya İqtisadi İttifaqından çıxmağın fəsadları barədə danışmağın hələ çox tez olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Respublikasının vitse-premyeri Mqer Qriqoryan "Vesti" telekanalına verdiyi eksklüziv müsahibəsində sensasiyalı etiraflar edib. Erməni rəsmi Moskva ilə münasibətləri tamamilə qoparmaq niyyətində olmadıqlarını gizlətməyərək, "Bizim gündəmimizdə Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin kəsilməsi kimi bir məsələ yoxdur. Müvafiq olaraq, bu ittifaqdan çıxmağın yaradacağı fəsadları indidən hesablamağa hazırda heç bir ehtiyac görmürük" deyə bildirib.
Qriqoryanın sözlərinə görə, rəsmi İrəvan yalnız o zaman iqtisadi "stres-testlər" aparmağa və çıxış yolları axtarmağa başlayacaq ki, bu məsələ artıq tam mənası ilə bıçağın sümüyə dirəndiyi qəti bir şərt kimi qarşılarına qoyulsun. Bununla yanaşı, vitse-premyer son günlər Ermənistandan Rusiyaya gedən kənd təsərrüfatı məhsullarının və digər malların sərhəddə kütləvi şəkildə bloklanması faktına da toxunub.
O, yaranmış bu ciddi böhranın siyasi xarakter daşımadığına ümid etdiyini bildirərək, "Ümid edirik ki, hazırda malların Rusiyaya doğru hərəkətində yaranan bu qorxulu problemlər sadəcə texniki xarakter daşıyır və tezliklə tamamilə aradan qaldırılacaq" deyə vurğulayıb.
Siyasi analitiklər Ermənistan rəsmisinin bu bəyanatını Paşinyan hakimiyyətinin Kremlin iqtisadi blokadası qarşısında geri çəkilməsi kimi dəyərləndirirlər.
Musavat.com