Qorxulu Rusiya – Azərbaycanlılar Ukrayna müharibəsinə necə cəlb olunur?

Rusiyaya işləməyə, təhsil almağa və ya yeni həyat qurmağa gedən azərbaycanlılar üçün təhlükələrin miqyası getdikcə artır.

Son günlər tanınmış vəkil Əkrəm Həsənovun sosial şəbəkədə paylaşdığı məlumat bu narahatlığı yenidən gündəmə gətirib. Vəkil Moskvadakı ali məktəblərdən birinə qəbul olunan azərbaycanlı gəncin hava limanında saxlanılması, telefonunda Çeçenistan rəhbəri Ramzan Kadırov haqqında istehzalı şəkil aşkar edildikdən sonra həbs edilməsi, Ukraynaya qarşı müharibədə iştirak üçün hərbi kontrakt imzalamağa məcbur edilməsi barədə yazıb.

Son illərdə Azərbaycan mediasında dərc olunan çoxsaylı materiallar, Ukraynada əsir düşən azərbaycanlıların ifadələri, həlak olan soydaşlarımızın ailələrinin açıqlamaları və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları göstərir ki, Rusiya ordusuna miqrantların və əcnəbilərin müxtəlif yollarla cəlb olunması artıq ciddi müzakirə mövzusudur.

Beynəlxalq hüquq müdafiə təşkilatları və müstəqil media dəfələrlə bildirib ki, MDB ölkələrindən olan şəxslərə hərbi müqavilə bağlamaq üçün müxtəlif formalarda təzyiq göstərilməsi barədə çoxsaylı iddialar mövcuddur.

Daha əvvəl yaydığımız araşdırmalardan birində Rusiyanın sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşlarını müqaviləli hərbi xidmətə cəlb etməyə çalışdığı ortaya çıxmışdı.

Reklamlarda birdəfəlik ödəniş kimi təxminən 53 min manat, aylıq isə 6 min manatdan çox maaş, əlavə sosial təminatlar və Rusiya vətəndaşlığı vəd edilirdi.

Müharibənin ən ağrılı hekayələrindən biri Ukraynada əsir düşən azərbaycanlı Ruslan Mustafayevin başına gəlib. Onun sözlərinə görə, Voronejdə saxlanıldıqdan sonra qarşısına seçim qoyulub - ya deportasiya olunmalı, ya da Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı idi.

Ruslan bildirib ki, saxlanma mərkəzlərində olan əcnəbilərin əksəriyyətinə oxşar təklif edilir.

O, Luqansk istiqamətində hazırlıq keçdiyi bölükdə xidmət edənlərin böyük hissəsinin əcnəbilər olduğunu da açıqlayıb. Onun söylədiyi bir cümlə isə hər şeyi ifadə edir: "Rus ordusunda ölməkdənsə, Ukraynaya əsir düşmək daha yaxşı oldu".

Digər faciəli talelərdən biri Eyvaz Məmmədovun hekayəsidir.

Rusiyada cəza çəkən azərbaycanlının ailəsinin sözlərinə görə, o, həbsxanadan çıxarıldıqdan sonra birbaşa orduya göndərilib. Bir müddət sonra isə onunla bütün əlaqə kəsilib.

Yaxınları aylarla Rostov morqlarını, hərbi hospitalları gəzsələr də, bu günə qədər onun taleyi barədə dəqiq məlumat əldə edə bilməyiblər.

Son iki ildə Azərbaycan mediasında Rusiyada yaşayan, sonradan Ukrayna cəbhəsində öldüyü və ya itkin düşdüyü bildirilən onlarla azərbaycanlı barədə məlumatlar yayılıb.

Bu gün Rusiyada yaşayan miqrantlar ən riskli kateqoriyaya daxildir.

Azərbaycan mediasında dərc olunan materiallarda da qeyd edilir ki, bəzi şəxslərə əvvəlcə arxa cəbhədə xidmət edəcəkləri bildirilsə də, sonradan onlar birbaşa döyüş bölgəsinə göndəriliblər. Əkrəm Həsənovun paylaşdığı iddia məhz bu baxımdan xüsusi diqqət çəkir.

Əgər həmin məlumat doğru olarsa, demək, artıq risk altına yalnız işləmək üçün Rusiyaya gedənlər deyil, ali təhsil almaq istəyən gənclər də düşür.

Rusiyanın universitetlərində minlərlə azərbaycanlı təhsil alır. Lakin dəyişən geosiyasi vəziyyət və təhlükəsizlik siyasəti valideynləri əvvəlkindən daha çox düşündürür.

Ukrayna müharibəsinin beşinci ili yarı olub. Rusiya isə cəbhədə itkilər artdıqca yeni canlı qüvvə axtarışını davam etdirir.

E.Məmmədəliyev,
Musavat.com

12.08.2026 21:45
732