“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində növbəti dəfə böyük Avropa sınağından da üzüağ çıxdı. Ağdam təmsilçisi Niderlandda “Tvente” ilə üz-üzə gəldiyi ilk qarşılaşmada minimal hesablı qələbə qazanaraq Bakıya böyük üstünlüklə qayıtdı. Qurban Qurbanovun komandası “Grolsch Veste” stadionunda meydan sahibini 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşmanın yeganə qolunu 52-ci dəqiqədə Kadi Borges vurub.
Bu nəticə “Qarabağ” üçün sadəcə səfər qələbəsi deyil, həm də Konfrans Liqasının liqa mərhələsinə vəsiqə yolunda olduqca mühüm addımdır. Üstəlik, Azərbaycan təmsilçisi bunu Niderland kimi futbol ənənələri və Avropa təcrübəsi ilə seçilən ölkədə, “Tvente”nin öz meydanında bacardı. “Qarabağ”ın müdafiədə nizamlı oyunu, rəqibin hücumlarının qarşısını vaxtında alması və əldə etdiyi şansı qola çevirməsi səfər matçının əsas nəticələrindən biri oldu.

Meydan sahibi üçün isə gecə gözlənilməz ssenari ilə başa çatdı. “Tvente” öz meydanında qələbəyə daha yaxın tərəf kimi görünsə də, nəticədə “Köhlən”atların qapısını aça bilmədi. Niderland klubu indi Bakıya məğlub vəziyyətdə gələcək və növbəti mərhələyə yüksəlmək üçün mütləq nəticəni dəyişməyə çalışacaq. Avropa mətbuatında da “Tvente”nin evdəki məğlubiyyətdən sonra vəziyyətinin ciddi şəkildə çətinləşdiyi vurğulanır.
“Qarabağ” isə son illərdə Avropada formalaşdırdığı ənənəni davam etdirir. Ağdam klubu üçün bu mövsüm də yol heç də asan başlamayıb. Komanda Konfrans Liqasının pley-offuna qədər gəlib çatmaq üçün Kiyev “Dinamo”su ilə dueldə ilk oyundakı məğlubiyyəti Bakıda 2:0 hesablı qələbə ilə aradan qaldırıb və ümumi hesabda 2:1 qalib gələrək növbəti mərhələyə yüksəlib.
İndi isə bütün diqqətlər Bakıya yönəlir. “Tvente” ilə cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Qarabağ”ın qarşısında artıq böyük fürsət var. Səfərdə əldə olunan 1:0 hesablı qələbə Ağdam təmsilçisinə cavab oyunu öncəsi ciddi psixoloji və taktiki üstünlük verir. Əsas məsələ isə bu üstünlüyü qorumaqdır. Bir qol fərqi rəqibin ümidlərini tam söndürməyə kifayət etmir. “Tvente” Bakıda erkən qol vuracağı təqdirdə qarşılaşmanın bütün ssenarisi dəyişə bilər. Buna görə Qurban Qurbanovun komandası ilk oyundakı nizam-intizamı və soyuqqanlılığı cavab matçında da nümayiş etdirməlidir.

Bununla belə, “Qarabağ”ın Avropa təcrübəsi məhz belə məqamlarda böyük üstünlükdür. Ağdam klubu son illərdə qitə turnirlərində ardıcıl olaraq pley-off və qrup, indiki formatla isə liqa mərhələsi səviyyəsində çıxış etməklə özünə ciddi reputasiya formalaşdırıb. Bu səbəbdən Bakıda keçiriləcək qarşılaşma təkcə bir oyunun nəticəsi deyil, həm də Azərbaycan futbolunun Avropadakı mövqeyi baxımından əhəmiyyətli sınaq olacaq.
Hazırda “Qarabağ” iki oyunun nəticəsinə görə 1:0 öndədir və cavab matçında heç-heçə belə komandaya növbəti mərhələyə keçmək üçün kifayət edəcək. Lakin qarşıda hələ 90 və ya 120 dəqiqə var. “Tvente”nin Bakıya tam fərqli motivasiya ilə gələcəyi də nəzərə alınmalıdır.
Bir sözlə təmsilçimiz qruplara, daha dəqiq desək, Konfrans Liqasının liqa mərhələsinə düşmək üçün böyük üstünlük əldə edib. İndi bütün məsələ həmin üstünlüyü sonadək qorumaqdır. Bakıda azarkeş dəstəyi də “Qarabağ” üçün əlavə güc olacaq və stadionda möhtəşəm atmosfer gözlənilir.
Bakıda “Tvente”ni bir daha şoka salmaq və Azərbaycan futboluna növbəti böyük Avropa gecəsini yaşatmaq mümkün olacaqmı?
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında Azərbaycan təmsilçisinin ağır və yorucu qələbə qazandığını bildirib. O qeyd edib ki, “Qarabağ” mövcud imkanlar daxilində bundan artığını edə bilməzdi:
“Çox ağır, yorucu, bütün gücü alan qələbə oldu. Faktiki olaraq ehtiyat qüvvəsiz, əldə olan minimum imkanlarla bundan artığını etmək mümkün deyildi. Komandanın hər bir oyunçusu meydanda kiçik bir qəhrəmanlıq göstərdi. Futbolçular döyüşçü kimi oynadılar. “Qarabağ” oyunu doğru ssenari üzrə apardı. İlk dəqiqələrdən riskə getmədilər, rəqibi geridə qarşıladılar və bəxtlərini əks-hücumlarda sınadılar. Xüsusilə cinahlar aktiv idi. “Tvente”nin önə çıxan müdafiəçilərinin arxasındakı boşluqlara yaxşı sızırdılar. Epizodlar çox olmasa da, “Qarabağ”ın imkanları var idi və komanda onlardan birindən yaxşı yararlandı. Bundan sonra isə əsas məsələ dözmək idi. 60-65-ci dəqiqələrdə “Qarabağ”ın konkret olaraq gücü bitdi. Bu, meydanda açıq şəkildə görünürdü. Belə vəziyyətdə riskə gedib hücuma atılmaq böyük ağılsızlıq olardı. Qurban Qurbanov da doğru qərar verdi. Musanı çıxarıb Boltu meydana buraxdı, beşli müdafiəyə keçdi və oyunun sonunu gözləmək qərarını verdi. Hakimin final fitindən sonra tablodakı 0:1 hesabı bu qərarın tamamilə düzgün olduğunu təsdiqlədi”.

Kənan Məstəliyev “Tvente”nin oyununu da tənqid edib. Onun sözlərinə görə, Niderland klubu adına və heyətindəki tanınmış futbolçulara uyğun təsir bağışlamayıb: “Tvente”yə gəlincə, adının qarşısında Niderland yazılmasaydı, hansısa üçüncü dünya ölkəsinin futbol təmsilçisi olduğunu düşünərdik. Tanınmış adları çox olan, amma çox adi, hətta primitiv futbol oynayan komanda idi. 90 dəqiqə ərzində demək olar ki, heç nə ilə yadda qalmadılar. Məğlubiyyəti də haqq etdilər. Amma təbii ki, bu məqam “Qarabağ”ın qələbəsinə kölgə sala bilməz. Əksinə, “Tvente”nin bu cür görünməsinin əsas səbəblərindən biri məhz “Qarabağ”ın oyunu idi. “Qarabağ” rəqibini adı ilə məğlub etdi. Komanda meydanda elə mübarizə apardı ki, rəqib öz futbolunu nümayiş etdirə bilmədi. Necə deyərlər, dövlət bəyin ölüsü də gözəldir”.
Mütəxəssis “Qarabağ”ın cavab oyununda da eyni intizamı qorumasının vacibliyini vurğulayıb və klubumuzun əsas mərhələyə yüksələcəyinə inandığını bildirib: “Əla qələbə oldu. İndi bir addım qalıb. Cavab görüşündə bu işi tamamlayaraq əsas mərhələyə yüksələcəyik. Vacib olan buna inanmaqdır. Səfərdə 1:0 hesablı qələbə böyük üstünlükdür və “Qarabağ” bu üstünlüyü qorumaq gücündədir. İndi isə zəfəri bayram etmək vaxtıdır”.
Cavanşir Abbaslı
Musavat.com