Rusiya Ermənistanı Qərbə qarşı tampon kimi görürdü – ilginc baxış

Vaqarşapat seçkiləri Ermənistanın siyasi ritmini yenidən müəyyənləşdirən proses kimi çıxış edir. Hakim “Vətəndaş Müqaviləsi”nin 48,5 faizlik nəticəsi Paşinyanın həm regional, həm də daxili siyasi gündəmi diktə etdiyini göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a, Ermənistanın Elçiədzin (Üçkilsə) bölgəsində keçirilən Ağsaqqallar Şurasına seçkilərdən bəhs edərkən bildirib. Ekspert qeyd edib ki, bu nəticə ölkənin 2026-cı parlament mübarizəsinin xəttini daha aydın şəkildə cızır: “İcmanın siyasi balansı hökumət üçün yeni üstünlük yaradır. Paşinyanın komandası koalisiyasız icma rəhbərini təyin etmək gücünə sahib olur. Seçkilər hökumətlə Erməni Apostol Kilsəsi arasında gedən gərginliyin siyasi yükünü artırır. Katolikos II Qareginə ünvanlanan mesaj dövlət-kilsə münasibətlərinin sərtləşdiyini göstərir. Paşinyanın “rezonanslı müqəddimə” ifadəsi siyasi iddiasının dərinliyini açır. Müxalifətin iradları isə ictimai rəydə ciddi qarşılıq tapmır. David Ananyanın “seçki riyaziyyatı” təbliğatı parçalanmış müxalifətin acizliyini ortaya qoyur. Müxalifət səslərin 21,8 faizə düşməsini legitimlik problemi kimi təqdim etməyə çalışır, amma bu arqument siyasi dinamika ilə uzlaşmır. Sistem “süni çoxluq” yaradır iddiası özlüyündə siyasi boşluqdan doğur. Müxalifət daxilində qruplaşmalar gücü bölür və strateji birliyə imkan vermir. Armine Ohanyanın “ofisləri tərk edin” çağırışı passiv müxalif düşüncənin ifşasına çevrilir. Regionlarda seçici ilə təmasın olmaması müxalifətin ən böyük boşluğunu təsdiqləyir. Hakimiyyət isə bölgələrdə təşkilatlanmanı daha sistemli şəkildə aparır. Vaqarşapat nəticələri bunun ən görünən nümunəsinə çevrilir”.

images (2).jpg (7 KB)

T.İsmayılovun sözlərinə görə, seçkilər Paşinyanın anti-kilsə ritorikasına ictimai legitimlik qazandırır: “Dövlətçilik və suverenlik xətti dünyəvilik istiqamətində yeni məntiq formalaşdırır. Kilsə isə mövqeyini itirərək bu mübarizədə geri çəkilir. Katolikosun cəmiyyətdəki təsiri nəzərəçarpacaq dərəcədə zəifləyir. Kilsənin zəifliyi Rusiyanın Ermənistandakı yumşaq güc alətlərinə ciddi zərbə vurur. Moskva uzun müddət dini institutlar vasitəsilə təsir yaratmağa çalışırdı, amma bu mexanizm artıq səmərə vermir. Samvel Karapetyanın lisenziyasının əlindən alınması iqtisadi gücün siyasi müstəviyə çəkildiyini göstərir. “Taşir kapital”ın səlahiyyətlərinin məhdudlaşdırılması sərt siyasi xəbərdarlıq funksiyası daşıyır. Karapetyanın müxalif hərəkat yaratması qərarın siyasi mənasını bir qədər də qabarıq göstərir. Bu proses Rusiyaya ünvanlanan açıq siyasi mesaj kimi oxunur. Ermənistan rəhbərliyi İrəvanda hakimiyyətin dəyişmə mexanizmini Kremlin əlindən almağa çalışır. Qərarım siyasi arxitektura üzərində açıq təsir göstərir. Kreml artıq əvvəlki alışdığı alətlərlə prosesə müdaxilə edə bilmir. Rusiya oliqarx şəbəkələrinin təsiri zəifləyir və bu zəifləmə siyasi tarazlığı dəyişir. Paşinyan isə bu boşluğu dolduraraq siyasi məkanın yeganə dominant fiquruna çevrilir”. Siyasi şərhçi bildirib ki, Moskvanın region strategiyası Ermənistan xəttində ciddi təzyiq altına düşür: “Rusiya Ermənistanı Qərbə qarşı tampon kimi görürdü, amma bu tampon indi öz funksiyasını itirir. Ermənistan cəmiyyətində anti-Rusiya əhvalı yüksəlir və Kremlin buna adekvat cavabı hazır görünmür. Ritorika sərtləşsə də, real təsir imkanları azalır. Ermənistan Qərbə inteqrasiya xəttini addım-addım genişləndirir. Vaqarşapat nəticələri bu istiqamətin legitim əsasını gücləndirir. Region yeni siyasi mühitə qədəm qoyur. Paşinyan bu mühitin memarı kimi çıxış edir. Kreml isə prosesləri idarə etməyə çalışdıqca daha çox çətinliklə qarşılaşır. Rusiya nə iqtisadi, nə siyasi, nə də ideoloji sahədə əvvəlki təsir gücünü nümayiş etdirə bilir. Bu zəifləmə Ermənistan hakimiyyətinə manevr üstünlüyü yaradır. Paşinyan bu üstünlüyü uzunmüddətli siyasi kapitala çevirməyə çalışır. Ermənistanın təhlükəsizlik arxitekturası dəyişir və bu dəyişiklik Rusiyanı narahat edir”. STM təmsilçisi bildirib ki, Moskva təsir sahəsini itirdikcə, onun hibrid təzyiqlərə əl atmaq ehtimalı artır: “Ermənistanda zaman-zaman görünən “terror təhlükəsi” polemikaları da bu çərçivədə qiymətləndirilə bilər. Regionda baş verən hər dəyişiklik bir neçə güc mərkəzinin maraqları ilə toqquşur. Vaqarşapat seçkiləri Kremlin İrəvandakı “işığını sönən vəziyyətə” salır. Rusiya bu qaranlıqla barışmaq niyyətində olmadığını göstərir. Ermənistanın siyasi xətti gərginliyi dərinləşdirir. Gələn il parlament seçkiləri bu ziddiyyətin daha sərt formasını ortaya çıxara bilər”.

E.Paşasoy,
Musavat.com

18.11.2025 17:11
508