Rusiya mediası Ermənistanla “yumşaq ayrılığın” əsas mənfi tərəfini açıqladı  

Ermənistan Avropa İttifaqı yolunu seçərsə, çoxlu ailələr bir-biri ilə əlaqəni itirəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsinin sədr müavini Viktor Vodolatski Lenta.ru-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Ermənistanla “yumşaq ayrılıq” Rusiya üçün faktiki olaraq ciddi mənfi nəticə yaratmır. Onun sözlərinə görə, Moskva Ermənistana enerji daşıyıcılarını güzəştli qiymətlərlə verir və bu, Rusiya iqtisadiyyatına zərər vurur. Bundan başqa, Ermənistana güzəştli tariflərlə göndərilən ərzaq məhsulları yerli sahibkarlara əlavə üstünlüklər qazandırır.

“Bizim üçün yeganə mənfi tərəf odur ki, ermənilərin 50 faizi bütün ortaq yüzillik tariximiz boyunca Rusiya ərazisində yaşayıb. Ermənilər bizim üçün qardaş xalqdır. Rusiya və erməni xalqları üçün dostluq münasibətlərinin qorunması vacibdir.”,-deyə Vodolatski bildirib.

Rusiyalı deputat əlavə edib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Rusiya ilə sərhədi bağlamasını tələb edəcək və nəticədə bir çox ailələr bir-birindən ayrı düşəcək.

O həmçinin ümid etdiyini bildirib ki, Ermənistanda hələ də dövlətçilik ideyasına sadiq qalacaq və Rusiya ilə münasibətlərin qırılmasına imkan verməyəcək siyasi qüvvələr mövcuddur.

Bu arada “Moskovski Komsomolets” qəzetini yazdığına görə, Ermənistanın baş naziri Nikol Pashinyan-ın seçki kampaniyası dövründə səsləndirdiyi fikirlər ölkədə geniş rezonans doğurub.

“Paşinyan Sünik vilayətində, Azərbaycan sərhədi yaxınlığında çıxışı zamanı bildirib ki, Qarabağ tarixən Ermənistanın tərkib hissəsi olmayıb. Bununla da o, uzun illər davam edən ərazi mübahisəsinin mənasını faktiki olaraq sual altına qoyub”,-deyə məqalədə qeyd olunur.

Məqalədə diqqət çəkən məqamlardan biri də Rusiya mediasının hələ də qondarma rejimlə bağlı köhnə və təxribat xarakterli terminologiyadan istifadə etməsidir. Nəşr 2024-cü ilin yanvarından fəaliyyətini dayandırmış separatçı qurumu yenə də “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edir və hadisələri bu prizmadan şərh etməyə çalışır.

Eyni zamanda materialda yüz mindən artıq erməninin bölgəni tərk etməsi, eləcə də Paşinyanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması xüsusi vurğulanır. Bu yanaşma Rusiyada müəyyən dairələrin hələ də müharibənin nəticələri ilə tam barışmadığını və regionda köhnə qarşıdurma narrativini diri saxlamağa çalışdığını göstərən növbəti nümunə kimi qiymətləndirilir.


Musavat.com

11.05.2026 14:19
511