Avropa Ədalət Məhkəməsi inquşəsilli biznesmen Mixail Qutseriyevə qarşı sanksiyanı ləğv etdi
İnquşəsilli biznesmen Mixail Qutseriyev yenidən gündəmə gəlib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Avropa Ədalət Məhkəməsi Belarus prezidenti Aleksandr Lukaşenkonun "rejimini dəstəklədiyinə" görə Qutseriyevə tətbiq edilən sanksiyaların ləğvi iddiasını təmin edib.
Məhkəmə iş adamının Belarusda biznes maraqlarını qoruduğunu və ya prezident Aleksandr Lukaşenko ilə yaxın münasibətlər saxladığını sübut edə bilməyib. Mixail Qutseriyev rusiyalı sahibkar və milyarderdir. Forbes jurnalına görə, onun sərvəti 7,7 milyard dollar qiymətləndirilir.
Ötən il onun pərakəndə satış şirkətləri olan “M.Video” və “Eldorado”nu azərbaycanlı iş adamı, “Lukoil”in sahibi Vahid Ələkbərovun strukturlarına satdığı deyilirdi. Qutseriyevin “Russneft”in Azərbaycandakı neft aktivlərini idarə edən “GEA Holdings Limited” şirkətini 3 milyard 52 min rubl satdığı da iddialar sırasındadır. Həmin aktivləri dəqiq kimə satdığı açıqlanmır.
Qutseriyev 1992-ci ildə Cövhər Dudayevin hakimiyyətə gəlməsindən sonra bütün biznesini Çeçenistanda qoyub Moskvaya gəlib. 2002-ci ildə “Russneft” kompaniyasını yaradıb və rəhbərlik edib. Qutseriyev bir neçə ilin ərzində sürətlə varlanaraq ölkənin ən zəngin adamlarından birinə çevrilə bilib. 2007-ci ilin iyununda Qutseriyev dövlət tərəfindən ciddi təzyiqlərə məruz qaldığından “Russneft”i Kremlə royal olan biznesmen Oleq Deripaskaya satdı. . Deripaska kompaniyanı üç milyard dollara aldı. Hələ o zaman deyilirdi ki, inquş biznesmen Kremlin qəzəbinə İnquşetiya müxalifətini maliyyələşdirdiyi üçün gəlib.

2007-ci ilin avqustunda Moskvanın Tver Rayon Məhkəməsi maliyyə fırıldaqlarında ittiham olunan Qutseriyevin qiyabi həbsinə qərar verir. Qutseriyev yəhudi iş adamı Mixail Xodorkovski kimi Sibir həbsxanalarına düşmədi və vaxtında Rusiyadan qaçdı. Elə həmin ərəfədə Qutseriyevin 21 yaşlı oğlu, Londonda təhsil alan və Rusiyaya qayıdaraq atasının biznes strukturlarına rəhbərlik etməyə başlayan Çingizxan Moskvada “Ferrari” avtomobili ilə qəzada həlak oldu. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Moskvaya gələ bilməzdi, ona görə biznesmen oğlunun cəsədinin xüsusi təyyarə ilə Bakıya gətirilməsinə nail oldu. Daha sonra özü də Bakıya gəldi və burada “Göy məscid”də məxfi vida mərasim təşkil olunub. Daha sonra Çingizxanın cəsədi dəfn olunmaq üçün Qutseriyevin vətəni olan İnquşetiyaya aparılıb.
Məlumatlara görə, Qutseriyevi o zaman Bakıda qoruyan iş adamı İsgəndər Xəlilov olub. Məhz Isgəndər Xəlilovun dəstəyi nəticəsində Qutseriyev bir müddət Bakıda təhlükəsiz şəraitdə qala bilib. 2010-cu ildə Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv etdi. 3 ilə yaxın axtarışda olduqdan sonra Rusiya hakimiyyəti ilə anlaşan və yenidən bu ölkəyə qayıdaraq “Russneft”i Deripaskadan geri aldı.Onun rəhbərlik etdiyi “Safmar” Qrupunun aktivlərinə enerji, pərakəndə satış, daşınmaz əmlak və maliyyə sahələrin əhatə edir. Korporasiya daim "Rusiya Daşınmaz Əmlak Kralları" reytinqində liderlər arasında yer alır.
Musavat.com