Rusiyada miqrantlara qarşı sərt addımlar davam etməkdədir və son qərarlar göstərir ki, Kreml miqrasiya siyasətində geri çəkilmək niyyətində deyil. Xüsusilə regionlarda tətbiq edilən yeni məhdudiyyətlər artıq ayrı-ayrı sektorları hədəf alır və miqrantların əmək bazarındakı mövqeyini daha da daraldır. Bu dəfə diqqət mərkəzində olan bölgə isə Rusiyanın cənubunda yerləşən Rostov vilayətidir.
Vilayət rəhbərliyinin 11 fevral tarixli fərmanı ilə 2026-cı il aprelin 1-dən dekabrın 31-dək miqrantlara bir sıra sahələrdə fəaliyyət qadağan edilir. Söhbət təkcə kuryer xidmətindən getmir – qida, içki və tütün məhsullarının topdan və pərakəndə satışı, quru və boru kəməri nəqliyyatı, poçt xidmətləri, hətta qiymətli metalların satışı və fitnes mərkəzlərində işləmək kimi sahələr də məhdudiyyət siyahısına daxil edilib. Bu qərar faktiki olaraq miqrantların xidmət və ticarət sektorunda iştirak imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Musavat.com xəbər verir ki, rəsmi statistikaya görə, ölkədə qanunsuz yaşayan yüz minlərlə əcnəbi müəyyən olunub və onlara qısa müddətdə sənədlərini qaydaya salmaq və ya ölkəni tərk etmək tələbi qoyulub. Əks halda deportasiya prosesi qaçılmaz olub.

Vəkil Ramil Süleymanov Musavat.com-a açıqlamasında bildirib ki, miqrasiya sahəsində beynəlxalq hüquq dövlətlərə kifayət qədər geniş diskresion səlahiyyətlər verir və ölkələr öz əmək bazarını qorumaq məqsədilə müəyyən hüquqi tənzimləmələr tətbiq edə bilərlər:
“Ümumiyyətlə, Rusiyanın bir sıra vilayət və regionlarında miqrasiya və əmək fəaliyyəti ilə bağlı əlavə qaydalar mövcuddur. Federal qanunvericilik çərçivəsində ümumi prinsiplər müəyyən edilsə də, regional səviyyədə bəzi ərazilərdə konkret iş sahələrinin miqrantlara məhdudlaşdırılması praktikası tətbiq olunur. Bu, həmin bölgələrdə daxili əmək bazarının qorunması və yerli vətəndaşlar üçün əlavə tənzimləmə mexanizmlərinin yaradılması ilə əsaslandırılır və beynəlxalq hüquq baxımından dövlətin səlahiyyətləri çərçivəsində qiymətləndirilə bilər.
Azərbaycan, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşlarının fəaliyyət göstərdiyi pərakəndə satış, qida və içki sektoru, tütün məhsullarının satışı, nəqliyyat və sürücülük fəaliyyəti, eləcə də kuryer xidmətləri kimi sahələrə dair məhdudiyyətlər əgər regional normativ aktlarla tənzimlənirsə və ümumi qayda şəklində tətbiq edilirsə, bu, avtomatik olaraq beynəlxalq hüquq baxımından diskriminasiya sayılmır. Lakin burada mühüm bir məqam var: əgər həmin şəxslər uzun illərdir ki, həmin sahələrdə qanuni əsaslarla biznes qurub fəaliyyət göstərirlərsə və yeni məhdudiyyət onların hüquqlarına birbaşa zərər vurursa, onlar məhkəməyə müraciət edərək bunun ayrı-seçkilik xarakteri daşıdığını mübahisələndirə bilərlər. Hüquqi müstəvidə belə iddiaların irəli sürülməsi mümkündür.
Eyni zamanda, unutmaq olmaz ki, Rusiya Federasiyasının Konstitusiyasının 19-cu maddəsində hər kəsin qanun qarşısında bərabərliyi təsbit olunub və hüquq və azadlıqların təminatına zəmanət verilir. Bu baxımdan, tətbiq edilən məhdudiyyətlərin hüquqi əsaslandırılması və proporsionallığı mühüm əhəmiyyət kəsb edir”.

Hüquqşünas hesab edir ki, əgər söhbət konkret olaraq Azərbaycan vətəndaşlarından gedirsə və məsələ vətəndaşlıq statusu əsasında tənzimlənirsə, dövlət miqrasiya siyasəti çərçivəsində müəyyən limitlər və qaydalar tətbiq edə bilər:
“Bu, əsasən həmin ölkələrdən intensiv miqrant axını ilə əlaqələndirilir və iqtisadi-sosial amillərlə əsaslandırılır. Ancaq məsələ vətəndaşlıq deyil, etnik mənsubiyyət müstəvisinə keçərsə – məsələn, normativ aktlarda “azərbaycanlılar”, “özbəklər”, “gürcülər” kimi ifadələr işlədilərsə – bu artıq milliyyətə görə fərqləndirmə deməkdir. Belə yanaşma açıq şəkildə ayrı-seçkilik hesab olunur və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzdir”.
Afaq Mirayiq,
Musavat.com