Rusiyanın “dostları” 1 trilyonluq borc yığdı 

Rusiyanın sanksiyalardan sonra iqtisadi əlaqələrini genişləndirdiyi “dost ölkələr”dəki şirkətlərin Rusiya biznesinə borcu rekord həddə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” Rusiya Federal Dövlət Statistika Xidmətinin – Rosstatın məlumatlarına əsasən yazıb.

2026-cı ilin iyununa xarici şirkətlərin Rusiya biznesi qarşısında ödənilməmiş borclarının ümumi məbləği 967 milyard rubla çatıb. Bu, bir il əvvəllə müqayisədə 40 faizdən çox artım deməkdir.

Ən böyük borc Rusiyanın yaxın iqtisadi tərəfdaşlarının payına düşür.

Qazaxıstan şirkətlərinin borcu 401,3 milyard rubl, Belarusun 327,3 milyard rubl, Özbəkistanın isə 81,7 milyard rubl təşkil edir. Beləliklə, yalnız bu üç ölkənin payına təxminən 810 milyard rubl düşür.

Borcların sürətlə artmasının əsas səbəblərindən biri beynəlxalq ödənişlərdə yaranan problemlərdir.

ABŞ sanksiyalarını sərtləşdirdikdən sonra MDB ölkələrinin bankları Rusiya ilə bağlı əməliyyatların yoxlanılmasını gücləndiriblər. Nəticədə ödənişlər daha mürəkkəb marşrutlarla həyata keçirilir və bəzi hallarda vəsaitlərin köçürülməsi aylarla gecikir.

Ekspertlər başqa bir səbəb kimi Rusiya şirkətlərinin Çin və Türkiyə biznesi ilə artan rəqabətini göstərirlər.

Müştərilərini itirməməyə çalışan Rusiya ixracatçıları xarici tərəfdaşlarına ödəniş üçün daha uzun möhlətlər verməyə məcbur olurlar. Bu isə şirkətlərin alacaqlarının və ümumi borc məbləğinin böyüməsinə gətirib çıxarır.

Beləliklə, sanksiyalardan sonra Moskvanın iqtisadi münasibətlərdə daha çox üz tutduğu ölkələrlə ticarət genişlənsə də, həmin bazarlardan Rusiya şirkətlərinə qaytarılmayan və ya gecikdirilən vəsait artıq 1 trilyon rubl həddinə yaxınlaşıb.

Musavat.com

14.09.2026 15:33
2047