Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsi, xüsusilə də son bir neçə gün ərzində İrəvanda əsən Avropa küləkləri Rusiya tərəfindən həssaslıqla müşahidə olunmaqdadır. Rusiya prezidenti və Ermənistanın baş naziri arasında keçirilən sonuncu görüşdə İrəvana bir sıra xəbərdarlıqlar edilsə də, bunun faydası olmadı. Nikol Paşinyan Avropaya doğru can atdığını konkret addımları ilə nümayiş etdirməkdədir. Belə olduğu təqdirdə Kremlin Ermənistana sürprizlər hazırladığı barədə ehtimallar gündəmə gəlməkdədir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ermənistana satılan qazın qiymətini xüsusi vurğulamışdı. Demişdi ki, Avropada qaz qiymətləri hazırda 1000 kubmetr üçün 600 dollardan çox yüksəlir. Rusiya isə Ermənistana qazı 1000 kubmetr üçün 177,5 dollara satır.
“Fərq əhəmiyyətlidir”, - deyə Putin bildirmişdi.
Rusiya prezidenti qeyd etmişdi ki, “o və Paşinyan tez-tez enerji qiymətləri və təchizatı ilə bağlı mübahisə edirlər”.
Bu xəbərdarlıqların rəsmi İrəvanın siyasətinə təsirsiz qalması erməni ekspertlərin də diqqətindədir. Politoloq Styopa Safaryan deyib ki, Rusiya Ermənistanın Avropa İttifaqına üzvlük və Azərbaycanla sülh proseslərinin irəliləməsindən qəzəblənib.
“Rusiyada proseslərin dayanmadığını, əksinə, irəlilədiyini görürlər. Bu da Rusiya rəsmilərini narahat edir, narahatlıqlarını və aqressivliklərini gizlətmirlər. Putinin deyə bilmədiklərini medvedyevlər və marqarita simonyanlar kobud şəkildə dilə gətirərək, sanksiyalarla hədələyirlər”, - o bildirib. (Teleqraf.az)
Safaryan Rusiyanın Ermənistanda istədiyinə nail olmasa, sanksiya tətbiq edəcəyini istisna etmir:
“Bəlkə də Rusiyadakı iş adamlarını Ermənistanın qərarlarına təsir edə bilmədiklərinə görə cəzalandırmağa başlayacaqlar. Əgər Ermənistanın qazını kəssələr, Ermənistan İran və Azərbaycandan qaz idxal edəcək, Lars yolunu bağlasalar, əllərini Cənubi Qafqazdan üzməli olacaqlar, Rusiyada yaşayan ermənilərə toxunsalar, bu, Moskva əleyhinə atmosferi qızışdıracaq. Başqa sözlə, Rusiya necə hərəkət edəcəyini bilmir”.
Bundan əvvəl də Ermənistan rəsmiləri Azərbaycandan mavi yanacaq ala biləcəkləri barədə anons etmişdilər. Xüsusilə də Azərbaycanın bu ölkəyə neft məhsulları ixrac etməsi və ticarət əlaqələrinin inkişafı barədə anlaşmalar fonunda belə bir istək təəccüb doğurmur.
Proseslər hara aparır, Rusiya ilə Ermənistan arasındakı münasibətlərin qırılma nöqtəsində olduğunu demək olarmı? Ciddi şəkildə “qaz imtahanı” qarşısında qalan İrəvanın Bakıdan mavi yanacaq almaq niyyəti ona baha başa gələ bilərmi?

Hüquqşünas Sahib Məmmədov bu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında maraqlı məqamlara toxuub:
“Azərbaycanla Ermənistan arasıda ticarət münasibətlərinin Rusiyanı qıcıqlandırması fikrimcə, o qədər inandırıcı deyil. Rusiya Azərbaycan dəmir yollarından tranzit kimi istifadə etməklə Ermənistana məhsullar göndərməkdədir. Rusiyanı qəzəbləndirən Ermənistanın Avropa İttifaqı ilə dərinləşməkdə olan münasibətləridir. Ermənistan hazırda Gömrük İttifaqında olmaqla Rusiyadan və digər gömrük ittifaqı ölkələrindən bəhrələnir, paralel olaraq Avropa İttifaqı fondlarından maliyyə yardımları almaqdadır”.
Hüquqşünas qeyd edib ki, Rusiya prezidenti Ermənistan baş naziri ilə görüşərkən əslində xəbərdarlıq etmişdi:
“O cümlədən qaz təchizatında güzəştin ləğv ediləcəyi barədə də xəbərdarlıq edib. Bu baxımdan Ermənistan enerji təchizatını diversifikasiya etmək barədə fikirləşir. Amma bu, vaxt tələb edən məsələdir. Nəql məsələlərinin təmin olunması üçün uzun müddət vaxt lazımdır, yaxud bunu etmək üçün Gürcüstandan tranzit kimi istifadə olunmalıdır”.
Rusiyanın əks hərəkətlərinə gəlincə, Sahib Məmmədov düşünür ki, Rusiya hələlik Ermənistanın kaprizlərinə dözüm göstərməkdədir:
“Amma bu dözüm nə qədər davam edəcək, demək mümkün deyil. Yəqin ki, Rusiya seçkilərin nəticəsini gözləyir və onun nəticələrinə uyğun qərarlar qəbul edəcək. Biz isə dəfələrlə bildirmişik ki, Ermənistanın “şaxələnmiş siyasəti” uzun müddət davam edə bilməyəcək. Aİ ilə əlaqələr möhkəmləndikcə onlar da sərt tələblər qoyacaq, həmçinin Rusiya Ermənistanla bağlı qərarlar qəbul edə bilər”.
E.Paşasoy,
Musavat.com