Rusiyanın dövlət korporasiyası VEB.RF uzun illər baş iqtisadçı vəzifəsində çalışan Andrey Klepaçı işdən çıxarıb. Bundan əvvəl iqtisadçı ölkənin iqtisadi vəziyyəti ilə bağlı sərt çıxış etmiş, Rusiyanın “tükənmə müharibəsində” mövqelərinin zəiflədiyini və ciddi sosial-iqtisadi böhran təhlükəsinin yarandığını bildirmişdi.
Musavat.com xəbər verir ki, “The Bell” mənbələrinə əsasən, Klepaçın işdən çıxarılması onun may ayında Moskva Birjasının Nikitski Klubunda etdiyi çıxışla əlaqəli olub.
Həmin məruzə sonradan geniş yayılıb və diqqət çəkib.
Klepaç çıxışında Rusiyanın texnoloji və iqtisadi rəqabətdə yalnız ABŞ və Çindən deyil, hətta Ukraynadan da geri qaldığını bildirib. Onun fikrincə, müharibə və Qərb sanksiyaları bu geriləməni daha da sürətləndirir.
İqtisadçı Ukraynanın hücumlarının vurduğu zərərin və ümumilikdə iqtisadi xərclərin artmasının gözlənilməz anda “sosial böhran” yarada biləcəyini də söyləyib. Klepaç mövcud vəziyyəti 1917-ci ilin Fevral inqilabından və SSRİ-nin dağılmasından əvvəlki dövrlərlə müqayisə edib.
“The Bell”in mənbələrinin iddiasına görə, VEB.RF rəhbəri, Rusiyanın keçmiş baş nazir müavini İqor Şuvalov Klepaçı “yuxarıdan gələn zəngdən sonra” işdən çıxarıb.
Həm VEB.RF nümayəndələri, həm də Klepaç işdən çıxarılma faktını təsdiqləyiblər. Rəsmi izahda isə səbəb kimi iqtisadçının “ölkənin iqtisadi və siyasi inkişafına dair şəxsi kəskin qiymətləndirmələri” göstərilib.
Andrey Klepaç VEB.RF-də təxminən 12 il baş iqtisadçı işləyib. Bundan əvvəl isə Rusiya iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub.
Musavat.com