Ali Məhkəmənin Hərbi kollegiyasında baxılan və illərdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olan bir cinayət işi üzrə yekun qərar çıxarılıb.
Musavat.com xəbər verir ki, iş materiallarına görə Həsən Məmmədovla Gülbala Əlibalayev hərbi xidmətə düzəltmə, rütbə dəyişdirmə, pensiya düzəltmə vədləri ilə müxtəlif şəxslərin etibarının sui-istifadə etməklə külli miqdarda vəsaitlərini dələduzluqla ələ keçiriblər.
Dələduzluqlar Şəmkir rayonunda baş verib. Həsən Məmmədovla və Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş Gülbala Əlibalayev müxtəlif vətəndaşları aldatmaqla pul vəsaitlərini ələ keçiriblər. Sxemin mərkəzində isə eyni ssenari dayanıb-hərbi hissəyə işə düzəltmək, rütbə ilə xidmət yerini dəyişmək, pensiya almaq və sənəd düzəltmək. İstintaqla müəyyən olunub ki, dələduzlar görüşlərin əksəriyyətini Şəmkir şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına təyin etməklə orada keçirilib. Məhz bu məkan iş üzrə istintaqda simvolik bir ünvana çevrilib. Vətəndaşların ümidlərinin satıldığı, pul müqabilində “həll ediləcək məsələlərin” danışıldığı nöqtə kimi. Dələduzluq sxeminin üstü açılandan sonra hər iki şəxs istintaqa cəlb olunub və məhkəməyə verilib.
Məhkəmədə məlum olub ki, Həsən Məmmədov müxtəlif şəxsləri aldadaraq onlara işə düzəltmə, hərbi xidmətə qəbul, pensiya təyin olunması və sənəd dəyişdirilməsi kimi vədlər verib, nəticədə xeyli miqdarda pul ələ keçirib. Eyni zamanda o, vətəndaşları dolayı yolla və vasitəçi vasitəsilə vəzifəli şəxslərə rüşvət verməyə təhrik edib. Bu epizodlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 32, 312-ci (rüşvətə təhrik) maddələri ilə tövsif olunub. Gülbala Əlibalayev isə hərbi qulluqçu kimi bu prosesdə vasitəçi rolunda çıxış edib, özünü müxtəlif vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edərək vətəndaşların etibarını qazanıb və pul vəsaitlərinin ələ keçirilməsində iştirak edib. İşin ümumi epizodlarında onlarla vətəndaşdan müxtəlif məbləğlərdə pul alındığı müəyyən edilib. 3 min manatlıq hərbi xidmət vədi, 2 min 200 manatlıq “işə düzəltmə”, 1500 manatlıq “pensiya məsələsi”, 2 min 800 manatlıq “sənəd dəyişdirmə” adı ilə ələ keçirilib. Əslində isə bütün bu rəqəmlər faktiki olaraq bir sistemli aldatma mexanizmini ortaya çıxarır. Məhkəmə sənədlərinə əsasən, ümumilikdə 18 min manatdan artıq vəsait dövriyyədə olub, onun yalnız bir hissəsi geri qaytarılıb. Birinci instansiya və apellyasiya məhkəmələri hər iki şəxsi təqsirli bilsə də, Ali Məhkəmənin Hərbi kollegiyası işə kassasiya qaydasında baxaraq daha yumşaldıcı yanaşma tətbiq edib.
Qərara əsasən Həsən Məmmədovun cəzası 7 ildən 4 il 3 aya endirilib. Gülbala Əlibalayevin cəzası isə 4 il 6 aydan 1 il 6 aya qədər azaldılıb. Məhkəmə bu qərarı əsaslandırarkən zərərçəkmişlərin şikayətçi olmaması, dəymiş ziyanın qismən ödənilməsi, ailə vəziyyəti və ilk dəfə cinayət törədilməsi kimi yüngülləşdirici hallara istinad edib və onları müstəsna hal kimi qiymətləndirib.
E.Məmmədəliyev,
Musavat.com