“Sabah”ın azarkeşi niyə azdır – Dambrauskası üzən gerçək

Azərbaycan futbol liqasında “Sabah”ın liderliyi davam edir. “Qarabağ”ın bir neçə tur əvvəl uduzduğu “Kəpəz”ə də bu gün 1:0 hesabı ilə qalib gəlib Ağdam klubu ilə xal fərqini 7-yə çıxardılar. Ardıcıllıqla qələbələrinin sayı isə ya 9-a, ya da 10-a çatıb.

Məlumdur ki, “Qarabağ”ın bu tur “Neftçi” ilə olası qarşılaşması çox söz-söhbətdən sonra təxirə salındı, amma belə görünür ki, “Nyukasl”la ikinci oyunun xüsusi əhəmiyyəti qalmadığı üçün “Neftçi” ilə qarşılaşmanı keçirmək də olardı. Nə isə…

Picture background

“Sabah”ın son oyunlarını izləyirəm, “Qarabağ”a görə narahatlıq var, həm də nə gizlədim o səbəbdən. Həm “Qəbələ” ilə səfərdə, həm də bu gün “Kəpəz”lə ev oyununda minimal hesabla qalib gəlsə də, məncə, komanda yaxşı vəziyyətdədir. Bundan əvvəlki iki rusiyalı baş məşqçi vaxtında da pis oynamırdılar, amma stabillik yox idi: gah udur, gah uduzurdular. Valdas Dambrauskas isə həm nizam-intizamlı komanda oyunu yaradıb, həm də görünür ki, klub rəhbərliyinin konkret tələbi var – “Sabah”ı çempion etmək.

Главный тренер "Сабаха": "Ни один игрок не прятался от мяча"

Düzü, hələ hakimlərin “Sabah”a güzəşt etdiyi hiss edilmir, amma qarşıdakı həlledici turlarda qarşımıza nələr çıxacağını indidən demək olmaz. Amma hiss edilir ki, “Sabah” çempionluqda dirəşəcək və “Qarabağ”la sonadək ciddi rəqabət aparacaq. Əlbəttə ki, həm ukraynalı mütəxəssisin gəlişindən sonra özünü toparlayan “Neftçi”nin oyunu, həm də Qurban Berdıyevin medallar uğrunda mübarizədən çəkinməyən “Turan”ı çempionata əlavə intriqa qatacaq. Amma fövqəladə hadisələr baş verməzsə, Qurban Qurbanovun komandasına əsas rəqib “Sabah” olasıdır.

Latviyalı Dambrauskasın baş məşqçi kimi klubu çempion etmək istəyinin altında özündən əvvəlki “rusiyalı mütəxəssislərə dərs vermək” arzusu da dayana bilər. Yəni “sizin bacarmadığınızı mən bacardım” iddiası varsa, buna da eyvallah. Bu kimi rəqabət dünya futbolunda var. Bəlkə də Dambrauskas Azərbaycanda qalıcı deyil, buradan daha yaxşı liqalara getmək üçün özünü təsdiqləməyə ehtiyac hiss edir. Azərbaycan futbolu, daha doğrusu, milli liqanın səviyyəsi əcnəbi məşqçilərə hələ belə tanınmaq şansı verməyib, amma Dombrauskas bu tilsimi qıra bilər. Görünür ki, klubdakı köməkçiləri də yaxşı peşkardırlar, çünki “Sabah” fiziki və psixoloji cəhətdən möhkəmlənib.
Mütəxəssis deyiləm, “Sabah”ın üslubunda yeni nə dəyişib deyə bilmərəm. Bundan əvvəl də klub ilk 15-20 dəqiqədə rəqibə pressinq edirdi, indi də elədir. Ola bilsin, “Qarabağ”ın oyunlarına daha çox baxdığımız üçün klubun oyun üslubunda ən xırda dəyişiklik belə diqqətimizdən yayınmır. Olsun e, lap çempion olsun bu il. Amma “Qarabağ” kimi beynəlxalq arenalarda təcrübə toplamaq üçün illər lazımdır. Ya da elə oyunçular almalısan ki, məsələn, 10 il əvvəl yaranmış “Pafos”(Kipr) kimi ÇL-dən irəliləyə biləsən. “Sabah”da hələ ki, o potensial görünmür. Amma liqa səviyyəsində yaxşı klubdur, çempion da olsalar, bunu göydəndüşmə saymaq olmaz – həm məşqçi heyətinin, həm də oyunçuların zəhməti var.

"Liverpul"un "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlər tükəndi

Dambrauskasın bilmədiyi bir gerçək də var: “Sabah”ın azarkeşləri… Litvalı mütəxəssis bu gün nəhayət ki, bunu dilə gətirib: “Biz meydanda daha çox azarkeş görmək istərdik. Sanki biz qol vurduqca, qələbələri sıraladıqca tribunadakı azarkeşlərimizin sayı daha da azalır. Bəlkə də bu, əlverişsiz hava şəraitinə görədir, tam əmin deyiləm. Lakin qarşıdakı vacib oyunda stadionun tam dolmasını və azarkeşlərimizin yanımızda olmasını istəyirəm.”

Paytaxt klubu olan “Sabah”ın azarkeşləri var, onların sayı azalmayıb, amma belə görünür ki, artmayıb da. Bu isə Azərbaycan futbolunun köklü problemidir, "Sabah"la və ya azarkeşləri az olan digər klublarla heç bir əlaqəsi yox. Əyalətlərdə bəlkə az da olsa tərpəniş var; son olaraq Qubada “Qarabağ”-İmişli oyununda tribunalarda xeyli azarkeş göründü. Amma onların bəziləri “Qarabağ”ın oyunçularını yaxından görmək üçün gəlmiş yerli sakinlər idi. (Yüksək liqada şimal zonasının klubunun olmaması da bir ayrıca mövzudur.)
Qayıdaq Dombrauskasın giley-güzarına. Başa düşmək olar, “Qarabağ”la müqayisədə klubun dəstəkçiləri çox az görünür. Bunu Dambrauskasa izah etmək çətindir, çünki onun ölkəsi SSRİ dağılanda nə müharibə görüb, nə işğal... “Qarabağ” isə çox çətin günlərdə Azərbaycan xalqının ürəyinə yol tapıb, torpağı işğal altında olanda sabaha ümid verib, bədxahlarımıza gözdağı olub.

“Sabah”ın bu statusa çatmasına isə hələ sabahlar var. İnşallah, o da olar...

 

Nazim SABİROĞLU,
Musavat.com

22.02.2026 23:43
1417