Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib.

Musavat.com bildirir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib.

“Rayon və şəhərlərdə səhiyyə sahəsi ilə bağlı vətəndaş qəbullarının keçirilməsi Səhiyyə Nazirliyinin deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri çərçivəsində həyata keçirilir. Səhiyyə Nazirliyində isə vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir. Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, S.Aran bildirmişdi ki, səhiyyə naziri qəbula gedərkən bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, şikayəti olanlar isə sözünü nazirə deyə bilmirlər.

21.09.2026 14:35
2370