Şengen ölkələrinə səyahət etmək istəyənlərin NƏZƏRİNƏ

Avropa İttifaqının Şengen zonasına daxil olan ölkələrdə tətbiq etdiyi yeni Giriş-Çıxış Sistemi (EES) texniki problemlər və sərhədlərdə yaranan uzun növbələr səbəbindən çətinliklərlə üzləşib. Sistemin tam tətbiqini 9 ölkənin təxirə saldığı bildirilir.

Musavat.com xəbər verir ki, Şengen zonasından kənardan gələn sərnişinlər üçün nəzərdə tutulan EES sistemi sərhəd keçidlərində biometrik məlumatların toplanmasını və yoxlanılmasını nəzərdə tutur.

Sistemin tətbiqi zamanı hava limanlarında uzun növbələrin yaranması və pasport nəzarətində gecikmələr Avropa ölkələrində ciddi narazılığa səbəb olub.

Məlumata görə, Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə texnoloji və infrastruktur sistemləri tam və problemsiz işləyənə qədər EES-i tam gücü ilə tətbiq etməyəcəklərini açıqlayıb.

Qərarın proqram təminatında yaranan nasazlıqlar və sərhəd məntəqələrində uzun növbələrlə bağlı olduğu bildirilir.

Şengen zonasına giriş zamanı barmaq izlərinin və üz görüntüsünün qeydiyyata alınmasını nəzərdə tutan EES sistemi ötən ilin oktyabrında mərhələli şəkildə tətbiq edilməyə başlanıb.

Sistemin bu ilin aprelində tam qüvvəyə minməsi planlaşdırılırdı. Lakin hava limanlarında yaranan uzun növbələr səbəbindən üzv ölkələrə nəzarət tədbirlərini müvəqqəti dayandırmaq imkanı verən 150 günlük güzəşt müddəti tanınıb.

Avropa İttifaqının verdiyi güzəşt müddəti sentyabrın 6-da başa çatıb. Buna baxmayaraq, bəzi ölkələrdə texniki problemlərin davam etdiyi bildirilir.

Əsas problemlər arasında proqram təminatındakı nasazlıqlar və toplanan biometrik məlumatların mərkəzi məlumat bazasına ötürülməsində yaranan çətinliklər göstərilir.

Bu səbəbdən 9 ölkənin EES sisteminin tam tətbiqini təxirə saldığı və texniki infrastrukturun tam hazır vəziyyətə gətirilməsini gözlədiyi bildirilir.

EES-in tam tətbiqinin sərhəd keçidlərində nə vaxt problemsiz şəkildə həyata keçiriləcəyi ilə bağlı isə mənbədə dəqiq tarix göstərilmir.

Musavat.com

14.09.2026 15:23
926