Sinqapurlu model niyə Bakıya gələsi olmadı...

Beynəlxalq kibercinayətkarların öhdəsindən gəlmək üçün bir sehirli cümlə tapmışam, əziz həmvətənlər. Bunu yazının axırında qulluğunuza ərz edəcəm.

İndilikdə onu deyim ki, maaş və kredit kartı, telefonu və noutbuku olan sadəlövh və əfəl adamların pulunu ələ keçirmək istəyənlərin sayı hər gün artmaqdadır.

Cənub-Şərqi Asiyada (Tayland, Filippin, Vyetnam, Kamboca, Sinqapur, Malayziya kimi ölkələrdə) sırf bu iş üzrə ixtisaslaşmış qəsəbələr var. Minlərlə adam səhər-səhər el qaydasıyla işə gəlir, yerlərini rahlayır, dünyanın 200 ölkəsindəki avamlara məktub yazırlar: “Burda hava pis keçir, ara vermir yağışlar”-zad. Zarafat edirəm. Onlar romantika-filan hərləmirlər, hamısı Şakadır və Şakaya nə lazım olduğunu bilirsiniz.

Amma bu, o demək deyil ki, kiberdələduz təkcə orada cəmləşib. Xeyr. Onlar dünyanın istənilən ölkəsində mövcuddurlar, sadəcə, Cənub-Şərqi Asiyadakılar bu işi sənaye halına gətiriblər və vaxtilə Afrika ölkələrindən dünyaya çıxan həmkarlarını üstələyiblər.

Afrikadakı rəqəmsal dələduzlar yadınızdadır yəqin, elektron ünvanı olan hər kəsə yazırdılar ki, burada, Uqandada (Seneqalda, Nigeriyada, Malidə) bir milyonçu qohumunuz ölüb, malı-pulu qalıb ortada, səsimizə səs verin, mirasa yiyə duraq. Birdən-birə məlum olurdu ki, 1 milyon azərbaycanlının Afrikada yol qəzasında ölən milyonçu qohumu var. Görünür, bu fırıldağa inananlar, “afrikalı vəkil”ə zəruri prosedurları həyata keçirmək üçün pul göndərənlər olmuşdu, yoxsa o dələduz “vəkil”lər bu qədər şirniklənməz, ünvanlarımıza mesaj selinə qərq etməzdilər.

Ola bilər, nəsil-şəcərəsinin yeganə oxumuş və kənddən qırağa çıxmış adamı olan, gəlib “Meyvəli” bazarında araba sürən gənc “aha, fürsət bu fürsətdir” deyib, “Afrikada qəzada ölən qohum”unun milyonunun yarısına sahib çıxmaq niyyəti Nigeriyaya pul göndərib. 1 milyon qabağa düşmək üçün 50 dollar nədir ki?

Ancaq afrikalı dələduzlar tez deşifrə oldular. Ta o “xeyirxah vəkil”lərə inanan olmadı, qəzada ölən milyonçu qohumların mirası ortalıqda qaldı.

Son illər isə artıq xalqımızın avamları asiyalı dələduzlarla işləyirlər. Onda görürsən ki, DİN-in mətbuat xidmətindən xəbərdarlıq yayılıb: ““Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın. “Hədiyyə qazandınız” kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın”.

Kimə deyirsən? Bu qədər xəbərdarlıq yayılır, amma yenə də hər gün 15-20 adam kiberdələduzların tələsinə düşür. Onlar bizimkiləri nəinki “qurban”, hətta sovet jarqonu ilə desək, “çurban” edirlər. Görünür, nə qədər telefon işlədən adam varsa, hər birinə səhər ertədən xüsusi xəbərdarlıq etmək lazımdır. Bir dəfə də günorta. Axşamüstü də birini göndərmək lazımdır.

Gerçəkdən də, təcrübə göstərir ki, xaricdən naməlum nömrələrdən gələn yüz zəngin yüzündən də şübhələnmək lazımdır, axırda aydın olur ki, 99-da yanılmamısınız.

O gün biri mənə birbaşa Sinqapurdan Teleqram kanalı vasitəsilə yazmışdı. Adı Tamika Belle kimi qeyd olunmuşdu, şəkildən də bir model qız baxırdı. Onu da deyim ki, kiberdələduzların 90 faizi metrəyarımlıq, ağzı-burnu dələngəvaz, qara-qura gədələrdir, sosial şəbəkədə model qızların şəklini götürüb profil şəkli edir, Beyrək demişkən, aldadıb ər tutmaq istəyirlər.

Xüləs, Tamika sırf ana dilimizdə (transleyt proqramıyla) yazdı ki, Azərbaycana gəlmək istəyir, orada gəzməli, görməli yerlər varmı. Hövsələmi basıb cavab verdim ki, var, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi və s. “Sinqapurlu model” bir az da irəlilədi, adımı, işimi soruşdu, özünün mağaza sahibi olduğunu yazdı. Ta söhbəti uzatmadım, yazdım ki, jurnalistəm, əsasən beynəlxalq kibercinayətkarlıqdan yazıram.

Bay, söhbət xırp kəsildi. Qara daşdan səs çıxdı, Tamikadan səs çıxmadı. Bir azdan gördüm ki, sinqapurlu “qonağımız” Teleqramdakı nömrəsini bağlayıb, çatımızı silib, türkün sözü, qayıblara qarışıb.

Bəli, kiberdələduzlara qarşı sehirli söz məhz budur, mesajda “kibercinayətkarlıq” sözü işlətmək. Onlar dərhal anlayacaqlar ki, qarşılarında giriləsi kol yoxdur.

**

Dünya köhnə dünyadır, dələduzları kiberləşib və kibirləşib.

18.09.2026 11:24
1466