Somali piratları Yəmən üsyançıları ilə əlaqəni gücləndirir

Somalinin “Əş-Şəbab” qrupunun üzvləri Husi ardıcıllarının hərəkatı “Ənsarallah” və “Əl-Qaidə”nin yerli qolu ilə əlaqələrin dərinləşdirilməsini müzakirə etmək üçün Yəmənə gəliblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Somali yaraqlıları və “Ənsərallah” üzvləri uzun müddətdir silah satışı və kəşfiyyat paylaşımı sahəsində əməkdaşlıq edirlər. İranla müharibə kontekstində, “Ənsarallah”ın Ərəbistan yarımadasını Afrikadan ayıran vacib Bab əl-Məndəb boğazını bağlamaq təhdidləri nəzərə alınmaqla, onların ittifaqı daha böyük əhəmiyyət kəsb edir.

Yəmən media orqanları hökumətin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla bildiriblər ki, Somalidə fəaliyyət göstərən cihadçı qrupun nümayəndələri Şəbva əyalətinə səfər ediblər və orada Ərəbistan yarımadasındakı “Əl-Qaidə”nin rəhbərliyi ilə görüşüblər. Onlar birgə terror hücumları təşkil etməyi müzakirə ediblər. Ayrıca “Əş-Şəbab” elçiləri əl-Bayda əyalətinə də səfər edib, “Ənsərallah” nümayəndələri ilə də danışıqlar aparıblar.

Qrupların əlaqələri artırmaq istəməsi ABŞ-nin kəşfiyyat hesabatlarında dəfələrlə qeydə alınıb. CNN-in istinad etdiyi ABŞ təhlükəsizlik rəsmiləri bildiriblər ki, “Əş-Şəbab” üzvləri Afrika sahillərində təsirlərini gücləndirməyə çalışırlar ki, orada hərbi post yaratsınlar və oradan beynəlxalq gəmiçiliyi təhdid edə bilsinlər.

Musavat.com

28.05.2026 21:49
453