Azərbaycanın 2027-ci il büdcəsinin ilkin göstəricilərində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması diqqət çəkən məqamlardan biridir. Maliyyə Nazirliyinin açıqlamasına görə, gələn il bu sahəyə 8 milyard 816 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da 2026-cı illə müqayisədə 98,6 milyon manat və ya 1,1 faiz çoxdur.
Bu rəqəm Azərbaycanın təhlükəsizlik siyasətinin büdcə prioritetlərindəki çəkisini bir daha gündəmə gətirir. Regionda yeni geosiyasi reallığın formalaşdığı, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəminin ön plana çıxdığı bir vaxtda müdafiə xərclərinin artırılması xüsusi diqqət doğurur. Çünki sülh prosesinin intensivləşməsi təhlükəsizlik məsələlərinin əhəmiyyətini aradan qaldırmır; əksinə, əldə olunan nəticələrin qorunması, dövlət sərhədlərinin və ərazi bütövlüyünün təhlükəsizliyinin təmin edilməsi, ordunun müasir çağırışlara uyğun inkişaf etdirilməsi məsələlərini gündəmdə saxlayır.
Azərbaycanın son illərdə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atdığı addımlar fonunda 2027-ci il üçün nəzərdə tutulan yeni vəsaitin hansı prioritetlərə yönəldiləcəyi də maraq doğurur. Söhbət yalnız hərbi texnikanın alınmasından deyil, müasir texnologiyaların tətbiqi, hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin hazırlığı və təhlükəsizlik imkanlarının daha da gücləndirilməsindən gedə bilər.
Digər tərəfdən, 8,8 milyard manatlıq göstərici Azərbaycanın regionda dəyişən təhlükəsizlik mühitinə münasibətinin maliyyə siyasətində də əksini tapdığını göstərir. Qarabağ Zəfərindən sonra yaranmış yeni geosiyasi reallıq, Zəngəzur dəhlizi ətrafında proseslər və Azərbaycanın artan regional rolu təhlükəsizlik məsələlərini xarici siyasət və iqtisadi prioritetlərlə daha sıx əlaqələndirir.
Bütün bunlar fonunda əsas diqqətçəkən məqam budur ki, Azərbaycan bir tərəfdən sülh və regional əməkdaşlıq gündəmini irəli aparır, digər tərəfdən isə müdafiə və milli təhlükəsizlik imkanlarını gücləndirməyə davam edir. 2027-ci ilin büdcəsində müdafiə xərclərinin artırılması da məhz bu paralel proseslərin fonunda müzakirə olunur.
2027-ci il büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması Azərbaycanın dəyişən regional təhlükəsizlik mühitinə verdiyi hansı mesajı ifadə edir?

Hərbi ekspert Emin Həsənli məsələ ilə bağlı Musavat.com-a bunları dedi: "Dünyada gedən proseslər göstərir ki, hər bir ölkə üçün ilk növbədə milli maraqların, suverenliyin və ərazi bütövlüyünün qorunması, eyni zamanda müttəfiq dövlətlərin maraqlarının müdafiəsi ən vacib məsələlərdəndir. Bunun təmin olunması üçün isə, ilk növbədə, silahlı qüvvələrin güclü olması, daxili və xarici təhlükəsizliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün dünyada belə bir tendensiya müşahidə olunur ki, son illərdə ölkələr müdafiə büdcələrini artırır, yeni silah və hərbi texnologiyalar hazırlanır. Elə bir dövrdə yaşayırıq ki, texnologiyanın inkişafı və hərbi sahədə tətbiqi olduqca sürətlə gedir. Biz bunu texnologiyanın digər sahələrində də görürük, lakin bu proses xüsusilə silahlı qüvvələrdə özünü daha qabarıq göstərir".
Hərbi ekspertin fikrincə, dünyada baş verən proseslər də bunun nə qədər vacib olduğunu göstərir: "Rusiya-Ukrayna müharibəsi hələ də davam edir, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır, ABŞ, İsrail və İran arasında münasibətlərdə ciddi ziddiyyətlər mövcuddur. Belə bir şəraitdə dünya ölkələri öz müdafiə imkanlarını gücləndirir və ordularını daha müasir silahlarla təchiz etməyə çalışırlar. Azərbaycan da bu prosesləri nəzərə alaraq öz müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Ən müasir silahların alınması, yeni hərbi hissələrin yaradılması, ordunun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması və əməkhaqlarının artırılması istiqamətində də müzakirələr aparılır. Bütün bunlar bir məqsədə- Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edir. Biz bunun nəticələrini bu gün bir çox sahələrdə görürük və gələcəkdə də görəcəyik. Ona görə də bu, olduqca vacib məsələdir. Atalar sözündə deyildiyi kimi, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Döyüşə hazır olmaq, ordunu daim yüksək hazırlıq vəziyyətində saxlamaq ölkənin təhlükəsizliyinin əsas şərtlərindən biridir".
Cavanşir Abbaslı
Musavat.com