“Süni intellekt işləri görəcək, bəs insan nə edəcək?”

“Əgər innovasiyaya keçməsəniz, süni intellektdən istifadə ən yaxşı halda xərclərin azaldılması və optimallaşdırma tədbirinə çevriləcək”.

Musavat.com xəbər verir ki, bunu “PAŞA Maliyyə Holdinq”in baş icraçı direktoru Fərid Məmmədov “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Fərid Məmmədov bildirib ki, süni intellektə yalnız texnologiya təşəbbüsü kimi deyil, ilk növbədə insan və istedadların inkişafı baxımından yanaşmaq lazımdır.

“Əslində, biz buna iki ayrı aləm – texnologiya və insan kimi baxmırıq. Bizim üçün süni intellekt texnologiya təşəbbüsündən daha çox istedad və insan təşəbbüsüdür. Texnologiya isə bir vasitədir. İnsan üstəgəl texnologiya korporasiyalar üçün bunu həqiqətən mühüm və dəyərli edən amildir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, süni intellektdən istifadənin ilk istiqaməti daha “ağıllı” təşkilat qurmaqdır. Bunun üçün isə yalnız informasiyaya çıxışın olması kifayət etmir, insanlara əldə etdikləri bilikləri təhlil etmək, düzgün mühakimə yürütmək və qərar vermək bacarığı qazandırılmalıdır.

“Bu gün biliyə çıxış demək olar ki, məhdudiyyətsizdir. Lakin bu biliyi necə əldə etmək və həmin biliyə əsaslanaraq necə mühakimə yürütmək insan inkişafına və insanların təliminə böyük sərmayə tələb edir. Bu gün "ağıllı istedad" adlandırdığımız səviyyə sabah orta istedad səviyyəsinə çevriləcək. Amma biz bu mərhələyə çatmaq üçün böyük səy göstərməli və insanlara bunu öyrətməliyik”, – Fərid Məmmədov vurğulayıb.

O, süni intellektin ikinci mühüm istiqamətinin məhsuldarlığın artırılması olduğunu bildirib. Onun sözlərinə görə, AI və rəqəmsallaşma insanları dəyər yaratmayan rutin işlərdən azad etməli, onların diqqətini daha çox mühakimə və yaradıcılıq tələb edən fəaliyyətlərə yönəltməlidir.

Fərid Məmmədov üçüncü mərhələnin isə innovasiya olduğunu deyib. O qeyd edib ki, insanlar daha bacarıqlı və məhsuldar olduqda, rutin işlərdən azad edildikdə yeni ideyalar və biznes imkanları yaratmaq potensialı da artır.

“Bu, proseslərdə addım-addım innovasiya, eyni zamanda yeni biznes təfəkkürünün və yeni kanalların yaradılmasıdır. Biz artıq öz təşkilatımızda da görürük ki, yeni texnologiya, yeni iş üsulları və daha ağıllı insanlar yeni innovativ ideyalar yarada bilirlər”, – deyə o bildirib.

Fərid Məmmədov vurğulayıb ki, burada söhbət insan və texnologiya arasında seçim etməkdən yox, onların birlikdə inkişafından gedir.

“Bu, birini digərinə qarşı qoymaq deyil, əslində ikisinin birlikdə olmasıdır. İnsanlara biliyə çıxışı necə əldə etməyi öyrətməkdən başlamalısınız. Bünövrə budur. Lakin innovasiyaya doğru getməsəniz və ikinci addımda – məhsuldarlıq mərhələsində dayansanız, bu, ən yaxşı halda xərclərin azaldılması və optimallaşdırma tədbirindən ibarət olacaq”, – Fərid Məmmədov əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

17.09.2026 11:56
837