Tiflis “nə Rusiya, nə Qərb” ssenarisinə məcbur qaldı: Gürcüstan çox böyük təhlükə riski ilə üzləşib

Gürcüstan həm Rusiya ilə açıq qarşıdurmadan yayınmaq, həm ABŞ-la münasibətləri yenidən qurmaq, həm NATO-ya üzvlük perspektivinə dair reallıqları nəzərə almaq, həm də Orta Asiya ölkələri ilə Qara dəniz arasında önəmli tranzit mərkəzinə çevrilmək istəyir... Bu baxımdan, ABŞ-ın Cənubi Qafqaz siyasəti, NATO-nun gələcək genişlənmə strategiyası, Rusiya-Gürcüstan münasibətlərinin dinamikası və Orta Asiyadan Avropaya yönəlik yeni nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı rəsmi Tiflisin manevr imkanlarının çərçivəsini böyük ölçüdə müəyyən edə bilər...

Gürcüstanın xarici siyasətdə atdığı son addımlar həm Rusiya ilə münasibətlərdəki mövcud problemlərin eynilə qaldığını, həm də rəsmi Tiflisin ABŞ və Mərkəzi Asiya ölkələri ilə əlaqələri yenidən gücləndirməyə çalışdığını göstərir. Baş nazir İrakli Kobaxidzenin son bəyanatları isə bu siyasətin getdikcə, daha aydın şəkildə çoxvektorlu xarakter daşıdığını biruzə verir. İndi rəsmi Tiflisin qarşısında duran əsas geopolitik dilemma Rusiya ilə münasibətlərin normallaşdırılması və Qərblə strateji əməkdaşlığın davam etdirilməsi arasında balansın yaradılmasıdır.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstan və Rusiya arasında siyasi-diplomatik münasibətlərin bərpası mümkün hesab edilsə də, bunun qarşısında prinsipial maneələr də qalmaqdadır. Çünki beynəlxalq hüquqa görə, Gürcüstanın tərkib hissəsi olan separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin “müstəqilliyi” Rusiya tərəfindən tanınıb. Bu məsələ Gürcüstan-Rusiya münasibətlərinin ən həssas problemlərindən biri olaraq, qalmaqdadır. Belə ki, rəsmi Tiflis bir tərəfdən Rusiya ilə qarşıdurmanın dərinləşməsində maraqlı deyil, digər tərəfdən isə Gürcüstanın ərazi bütövlüyü məsələsində geri addım atmaq niyyətində görünmür. Və ona görə də, rəsmi Tiflis Gürcüstanın Rusiya ilə münasibətlərinin normallaşdırılması perspektivini daha çox gələcək siyasi dəyişikliklərlə əlaqələndirir.

03fb5a6d178d1cba781a152058f85e80.jpg (297 KB) 

Bütün bunları nəzərə aldıqda, baş nazir İrakli Kobaxidzenin “münaqişənin dinc yolla həlli”ni xarici siyasətin əsas prioritetlərindən biri kimi təqdim etməsi də qətiyyən təsadüfi deyil. Rəsmi Tiflis hərbi qarşıdurma ssenarisindən mümkün qədər uzaq dayanmağa və Rusiya ilə münasibətlərdə nəzarətsiz eskalasiyanın qarşısını almağa çalışır. Yəni, rəsmi Tiflis üçün əsas məqsəd Rusiya ilə yeni müharibə riskini artırmadan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir.

Ancaq bununla belə, Gürcüstanın xarici siyasətində yalnız Rusiya istiqaməti deyil, Qərblə münasibətlər də ciddi dəyişiklik mərhələsindən keçir. Gürcüstanın baş nazirinin ABŞ-la strateji tərəfdaşlığın yenidən qurulacağına yönəlik gözləntiləri onu göstərir ki, rəsmi Tiflis Ağ Evlə münasibətlərdə yaranmış problemlərin qalıcı xarakter almasını qətiyyən istəmir. Onun ABŞ-la dialoqun davam etdiyini və Ağ Evdən qarşılıqlı addımlar gözlədiyini bildirməsi Gürcüstanın Qərb istiqamətini tamamilə kənara qoymadığını göstərir. Əksinə, rəsmi Tiflis Qərblə münasibətlərin əvvəlki səviyyəyə qaytarılması üçün yeni siyasi manevr imkanları axtarır. Hazırda rəsmi Tiflisin əsas hədəfi ondan ibarətdir ki, ABŞ-la münasibətlərdəki gərginlik Gürcüstan üçün uzunmüddətli strateji təcrid vəziyyətinə çevrilməməlidir.

Digər tərəfdən, Gürcüstan NATO-ya üzvlük məsələsində əvvəlki dövrlərin gözləntilərindən daha ehtiyatlı mövqe nümayiş etdirməyə üstünlük verir. Hər halda, rəsmi Tiflis Gürcüstan və Ukraynaya illər ərzində bu alyansa üzvlük perspektivi vəd edilsə də, real nəticənin olmadığını qətiyyən unutmayıb. Bu, rəsmi Tiflsin NATO-ya inteqrasiya məsələsinə yanaşmasında ciddi dəyişikliklərin olduğunu göstərir. Əgər əvvəllər əsas müzakirə Gürcüstanın NATO-ya nə zaman üzv ola biləcəyi ətrafında gedirdisə, indi rəsmi Tiflis daha çox alyansın real genişlənmə perspektivlərinin olub-olmamasına diqqət yetirir.

2cdbecde-f70d-457e-b74e-914d7a85a045.jpg (161 KB)

Təbii ki, rəsmi Tiflisin bu ehtiyatlı mövqeyinin arxasında daha genişmiqyaslı geopolitik reallıq dayanır. Belə ki, Gürcüstan uzun müddət ərzində Qərbə inteqrasiyanı öz xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edirdi. Ancaq NATO-ya üzvlüyün konkret perspektivə çevrilməməsi Gürcüstanı alternativ xarici siyasət mexanizmlərinə doğru yönəltmiş oldu. Rəsmi Tiflisin çoxvektorlu xarici siyasət kursuna ehtiyacın yarana biləcəyinə eyham vurması da elə məhz bu kontekstdə diqqəti çəkir. Çünki əgər, NATO-nun Şərqə doğru genişlənməsi faktiki olaraq dayanırsa, onda, Gürcüstanın yalnız bir geopolitik istiqamətə bağlı qalması onun üçün daha böyük təhlükəsizlik riskləri yarada bilər.

Bu baxımdan, Gürcüstanın son vaxtlar Orta Asiyaya xüsusi diqqət yetirməsi qətiyyən təsadüfi görünmür. Baş nazir İrakli Kobaxidze bu regionun dövlətləri ilə siyasi, iqtisadi-ticari və nəqliyyat-kommunikasiya əlaqələrinin dərinləşdirilməsini xarici siyasət və iqtisadiyyatın əsas prioritetləri sırasında təqdim edir. Gürcüstanın coğrafi mövqeyi Orta Asiya dövlətləri üçün Qara dənizə və daha sonra Avropa bazarlarına çıxış imkanları yaratdığından tranzit cazibədarlığı daşıyır. Bu isə Gürcüstanı yalnız Cənubi Qafqazın siyasi aktoru deyil, həm də Şərq-Qərb nəqliyyat-kommunikasiya və logistika marşrutlarının önəmli tərkib hissəsinə çevirə bilər. Və belə anlaşılır ki, rəsmi Tiflis öz xarici siyasətini yalnız “Rusiya, yoxsa Qərb” dilemması üzərində qurmaqdan tədricən uzaqlaşmağa çalışır.

422eebed-bab1-4684-a5b1-b157aff0ad5a.jpg (148 KB) 

Ona görə də, Gürcüstanın hazırkı xarici siyasət kursunu sadəcə, Qərbdən uzaqlaşma və ya Rusiyaya yaxınlaşma kimi qiymətləndirmək qətiyyən doğru olmaz. İndi daha çox ehtimal olunan ssenari rəsmi Tiflisin xarici siyasətdə maksimal manevr imkanları qazanmağa çalışması ilə bağlıdır. Yəni, Gürcüstan həm Rusiya ilə açıq qarşıdurmadan yayınmaq, həm ABŞ-la münasibətləri yenidən qurmaq, həm NATO-ya üzvlük perspektivinə dair reallıqları nəzərə almaq, həm də Orta Asiya ölkələri ilə Qara dəniz arasında önəmli tranzit mərkəzinə çevrilmək istəyir.

Ancaq Gürcüstan üçün bu siyasətin uğuru yalnız rəsmi Tiflisin verəcəyi qərarlardan asılı olmayacaq. Çünki ABŞ-ın Cənubi Qafqaz siyasəti, NATO-nun gələcək genişlənmə strategiyası, Rusiya-Gürcüstan münasibətlərinin dinamikası və Orta Asiyadan Avropaya yönəlik yeni nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı rəsmi Tiflisin manevr imkanlarının çərçivəsini böyük ölçüdə müəyyən edə bilər. Və bu baxımdan, Gürcüstanın yeni çoxvektorlu xarici siyasət kursunun növbəti mərhələdə hansı nəticələri verə biləcəyini müəyyən etmək üçün həm də regional proseslərin inkişaf istiqamətlərini də müşahidə etmək lazım gələcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

12.08.2026 15:33
2089