Trampdan sonra Vens? 

ABŞ-da Respublikaçılar Partiyasının aralıq seçkilər ərəfəsində Dallasda keçirdiyi qurultay təkcə noyabr uğrunda mübarizənin deyil, Donald Trampdan sonrakı dövrün də ilk işarələrini verib.

Musavat.com xəbər verir ki, CNN qurultayın ikinci və son gecəsinin əsas nəticələrini təhlil edib.

Gecənin əsas siyasi fiqurlarından biri vitse-prezident Cey Di Vens olub. CNN yazır ki, Vensə Trampın çıxışlarından sonra proqramın ən mühüm vaxtının ayrılması təsadüfi görünmür. Respublikaçılar arasında o, 2028-ci il prezident seçkilərində Trampın mümkün siyasi varisi hesab edilir.

Bu əhval-ruhiyyə zalda da özünü göstərib. Vensin çıxışı zamanı iştirakçıların bir hissəsi “48” şüarı səsləndirib. Trampdan sonra seçiləcək ABŞ prezidenti ölkənin 48-ci prezidenti olacaq.

Vens isə gülərək əvvəlcə noyabr seçkilərinin həll edilməli olduğunu bildirib: “Bu noyabr işimizi görməliyik. Sonra növbəti mərhələ barədə düşünərik”.

Vitse-prezident çıxışında ailə, din və ənənəvi dəyərlərə xüsusi yer ayırıb, həyat yoldaşı Uşa Vensdən, uşaqlarından və babasından danışıb. Lakin onun çıxışı sərt siyasi hücumlardan da xali olmayıb.

Vensi bir etirazçı Meksika bayrağı ilə yarıda kəsdikdə vitse-prezident ona belə cavab verib: “Meksikanı bu qədər sevirsənsə, get ora. Təyyarə biletini mən alaram”. Bundan sonra zalda “USA” şüarları səslənib.

Qurultayda respublikaçıların əsas strategiyası Demokratlar Partiyasını seçiciyə həddindən artıq radikal siyasi qüvvə kimi təqdim etmək olub. Donald Trampın oğlu Donald Tramp Jr. demokrat sosialistlərin yüksəlişindən danışaraq bunu hətta “kommunizm” adlandırıb. Səhiyyə naziri Robert F. Kennedi Jr. isə atası Robert Kennedi və əmisi, keçmiş prezident Con Kennedinin bugünkü Demokratlar Partiyasını tanımayacaqlarını söyləyib.

Respublikaçıların əsas hədəflərindən biri Miçiqanda demokratların Senata namizədi Əbdül El-Sayed olub. Vens də müsəlman siyasətçi ilə son həftələrdə yaşadığı açıq qarşıdurmaya çıxışında geniş yer ayırıb. CNN xatırladır ki, Vens daha əvvəl El-Sayedi ABŞ-də şəriət qanunları tətbiq etmək istəməkdə suçlayıb.

Gecənin ən qəribə məqamı isə yenə Trampın payına düşüb.

Prezident Vensin əsas çıxışından sonra səhnəyə qalxaraq 25 dəqiqədən çox danışıb. O, sevdiyi opera müğənnilərindən tutmuş Texasdan Senata namizəd Ken Pakstonun xarici görünüşünədək müxtəlif mövzulara toxunub. Tramp tərəfdarlarını noyabrda mütləq səs verməyə çağıraraq özünəməxsus üslubda “səs verməsəniz, cəhənnəmə gedəcəksiniz” deyib.

Tramp həmçinin respublikaçılar Nümayəndələr Palatası və Senatda çoxluğu qorusalar, hər yetkin amerikalıya 5000 dollar ödənilməsi təklifini yenidən səsləndirib.

CNN-in diqqət çəkdiyi məqam isə Vensin və digər əsas respublikaçıların bu vədi ümumiyyətlə dilə gətirməməsidir. Təklif artıq mübahisə yaradıb: demokratlar bunu faktiki “səs almaq” cəhdi adlandırır, iqtisadçılar inflyasiya riskindən danışırlar. CNN-in hesablamasına görə, belə ödənişlərin ümumi dəyəri təxminən 1 trilyon dollar ola bilər və Trampın göstərdiyi gömrük rüsumları gəlirləri bu məbləği ödəməyə kifayət etmir.

CNN-in təhlilinə görə, bütün bunların fonunda qurultayın əsas siyasi suallarından biri artıq noyabrdan sonrakı dövrə aiddir: Trampın ikinci prezidentliyi başa çatdıqdan sonra onun yaratdığı siyasi hərəkatın başına kim keçəcək?

Dallasdakı qurultay göstərdi ki, bu suala ilk cavab kimi Cey Di Vensin adı getdikcə daha aydın şəkildə önə çıxır.

Musavat.com

11.09.2026 16:38
449