ABŞ prezidenti Donald Tramp sosializm və kommunizmin Amerika üçün təhlükəyə çevrildiyini getdikcə daha çox vurğulasa da, onun administrasiyasının iqtisadi siyasəti klassik sərbəst bazar prinsiplərindən uzaqlaşır. Dövlətin özəl şirkətlərdə pay alması, tariflərlə bazara müdaxilə etməsi və suveren sərvət fondu yaratmaq planları Vaşinqtonun iqtisadi siyasətində diqqətçəkən dəyişikliklərdən xəbər verir.
Musavat.com xəbər verir ki, CNN-in müəllifi Zaxari Vulf Tramp administrasiyasının iqtisadi kursunu təhlil edərək prezidentin siyasi ritorikası ilə həyata keçirdiyi siyasət arasındakı paradoksa diqqət çəkib.
CNN-in yazdığına görə, ən mühüm dəyişikliklərdən biri ABŞ hökumətinin bir sıra özəl şirkətlərdə səhmdara çevrilməsidir. Tramp administrasiyası onlarla şirkətə investisiya yatırıb. Ən böyük nümunə “Intel”ə təxminən 9 milyard dollarlıq dəstək müqabilində şirkətin təxminən 10 faizlik payının dövlətin nəzarətinə keçməsidir. Mineral ehtiyatlar, kvant hesablamaları və yarımkeçiricilər sahəsində çalışan digər şirkətlərə də sərmayə qoyulub. CNN-in istinad etdiyi siyahıda ümumilikdə 30 belə investisiya yer alır.
KATO İnstitutunun analitiki Ted DeHaven xəbərdarlıq edir ki, dövlət şirkətlərdə azlıq payına sahib olsa belə, artıq onların kommersiya uğurunda birbaşa maraqlı tərəfə çevrilir. Bu isə hökumətin səhmdarı olduğu şirkətlərə üstünlük verməsi və onların rəqiblərinə fərqli münasibət göstərməsi riskini yaradır.
Zaxari Vulf burada maraqlı siyasi paralel də aparır. Trampın bəzi addımları onun siyasi baxımdan tam əks qütbündə dayanan demokrat sosialist senator Berni Sandersin illərdir müdafiə etdiyi ideyalara yaxınlaşır.
Məsələn, ABŞ-ın yarımkeçirici sənayesinə dəstək məqsədilə qəbul edilən CHIPS Act müzakirə olunarkən Sanders dövlət vəsaiti alan şirkətlərin gəlirlərindən hökumətin də pay götürməsini istəyirdi. Təklif həmin vaxt qəbul edilməmişdi. İndi isə Tramp administrasiyası şirkətlərə subsidiya verilməsi üçün ayrılmış vəsaitlərin bir hissəsindən həmin şirkətlərdə dövlət payı əldə etmək üçün istifadə edir.
Tramp və Sanders arasında başqa gözlənilməz oxşarlıq ABŞ suveren sərvət fondunun yaradılması ideyasıdır. Onların fondun maliyyələşdirilməsi barədə mövqeləri tam fərqli olsa da, hər ikisi belə bir mexanizmin yaradılmasını dəstəkləyir.
Tramp ötən ilin fevralında maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Latnikə suveren sərvət fondunun yaradılması imkanlarını araşdırmağı tapşırıb. Lakin ABŞ-ın dövlət borcunun 40 trilyon dollara yaxınlaşması fonunda fondun hansı vəsait hesabına maliyyələşdiriləcəyi əsas suallardan biri olaraq qalır.
CNN Trampın tarif siyasətini də dövlətin iqtisadiyyata artan müdaxiləsinin nümunəsi kimi göstərir. Tramp tarifləri xarici dövlətlərdən güzəştlər əldə etmək və ABŞ istehsalçılarını qorumaq üçün iqtisadi-siyasi təzyiq vasitəsinə çevirib. Vulf qeyd edir ki, bu yanaşma da klassik sərbəst bazar prinsipləri ilə tam uzlaşmır.
Müəllifin diqqət çəkdiyi başqa maraqlı məqam Amerika cəmiyyətinin özündə kapitalizmə münasibətin dəyişməsidir. “Fox News”un sorğusuna əsasən, amerikalıların 50 faizi kapitalizmə müsbət, 46 faizi isə mənfi münasibət bəsləyir. Respublikaçılar arasında belə kapitalizmə “çox müsbət” yanaşanların göstəricisi cəmi 41 faizdir.
CNN-in təhlilində Tramp ailəsinin biznes maraqlarına da xüsusi yer ayrılıb. Trampın adını daşıyan və onun sosial media şirkətinə sahib olan kompaniya prezidentin sosial şəbəkədəki paylaşımlarına əvvəlcədən çıxışı ayda 100 min dollara qədər qiymətə təklif edir. Prezidentin tarif və digər iqtisadi qərarlarla bağlı açıqlamalarının maliyyə bazarlarına təsiri nəzərə alınarsa, belə məlumatlara erkən çıxışın iri maliyyə şirkətləri və birja treyderləri üçün ciddi üstünlük yarada biləcəyi vurğulanır.
Daha bir diqqətçəkən detal müdafiə sənayesi ilə bağlıdır. Tramp administrasiyası Pentaqonun növbəti maliyyə ili üçün büdcəsini təxminən 1 trilyon dollardan 1,5 trilyon dollara yüksəltmək istəyir. Eyni zamanda prezidentin iki oğlu müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən startaplara sərmayə yatırıb. CNN qeyd edir ki, bu əlaqələr daha əvvəl “The Washington Post” tərəfindən də araşdırılıb.
Zaxari Vulf Trampın formalaşdırdığı iqtisadi modelə konkret ideoloji ad vermir. Ancaq CNN müəllifinin gəldiyi nəticə diqqətçəkəndir: kommunizm və sosializmi Amerika üçün təhlükə adlandıran prezidentin dövründə ABŞ dövləti özəl şirkətlərin səhmdarına çevrilir, strateji sahələrə birbaşa müdaxilə edir, tariflərlə bazarı istiqamətləndirir və suveren sərvət fondu yaratmağa hazırlaşır.
Vulfun fikrincə, bu sistemə hansı adın verilməsindən asılı olmayaraq, o, iqtisadiyyat dərsliklərində təsvir edilən klassik Amerika sərbəst bazar kapitalizmindən getdikcə daha çox uzaqlaşır.
Musavat.com