Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin yaxın vaxtlarda açılacağına dair açıqlama verib. Paşinyan Türkiyə ilə yanaşı, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasını da gözlədiyini bildirib.

Deputat Zahid Oruc Musavat.com-a qeyd edib ki, Türkiyə-Ermənistan sərhədinin açılması Bakı ilə koordinasiya olunmalıdır: "Bildiyiniz kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlər Qarabağ Zəfərindən sonra köklü dəyişikliyə uğrayıb. Bu, əslində qlobal bir hadisədir. Ona görə ki, uzun onilliklər ərzində soyqırımı və ərazi iddialarını, hətta hüquqi sənədlərində, konstitusiyasında Ağrı dağına “Ararat” deyərək dövlət atributlarında, gerblərində əks etdirən bir dövlət bu siyasəti ictimai həyatın bütün sferalarına, o cümlədən təhsilə, ədəbiyyata və bədii sahəyə yayaraq beynəlxalq aləmdə çox kəskin antitürkiyə xətti yürüdürdü”.
Zahid Oruc vurğulayıb ki, Qarabağ məsələsinin yekunu İrəvanın rəsmi siyasətində bir sıra ön şərtləri ortadan qaldırdı və onlar artıq yeni səhifənin açılması üçün addımlar atmağa başladılar: “Türkiyə tərəfdən Sərdar Kılıç, Ermənistan tərəfindən isə Ruben Rubinyan bu prosesdə iştirak etdilər. Onlar Marqara və Əlican istiqamətində sərhəd-keçid məntəqələrinin hazırlanmasını, gömrük prosedurlarını və həmçinin bir sıra digər ticarət əlaqələrinin yaradılması məsələlərini müzakirə etdilər. Qarşılıqlı səfərlər həyata keçirildi. Təxminən iki ay öncə Ararat Mirzoyan bir çox diplomatik korpusun, səfirliklərin və xarici ölkə nümayəndələrinin iştirakı ilə həmin ərazilərə səfər etdi və mühüm açıqlamalar verildi.
Ancaq bütün bu məsələlərin hər bir hissəsinin Azərbaycanla koordinasiya olunduğuna dair bir əminlik var. Çünki Türkiyə yaxşı fərqindədir ki, işğal dövründə, xüsusən də Kəlbəcərin ələ keçirilməsindən sonra sərhədlərin bağlanması təkcə iqtisadi təsirlər baxımından deyil, daha çox siyasi mövqe baxımından Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etdiyini göstərdi. Bu, beynəlxalq arenada güclü nəticələr doğururdu. Hər zaman nəinki parçalanmanın mövcud olmadığı, əksinə, eyni xarici siyasət doktrinası prinsiplərinin əsas götürüldüyü vurğulanırdı”.

Zahid Oruc onu da deyib ki, Azərbaycan və Türkiyə arasında qurulan strateji əməkdaşlıq iqtisadi maraqlardan daha geniş çərçivəyə malikdir: "Türkiyə Ermənistana qarşı təzyiq siyasətini qorumaqla, Azərbaycanla qardaşlığını və birliyini göstərməklə yanaşı, eyni zamanda Azərbaycan da Türkiyənin regional və beynəlxalq gücünün artmasına enerji, qaz, neft və həmçinin dəmir yolu əlaqələrini həyata keçirərək Ankaranın soyuq müharibədən sonrakı dövrdə əhəmiyyətinin güclənməsinə töhfə verdi. Hansısa sırf hesablaşmaya, riyazi hesablamalara, maliyyə gəlirlərinin dəyərləndirilməsinə keçərək, xüsusilə İğdır və Van istiqamətində olan ayrı-ayrı sahibkarların “nə üçün biz itkilərə məruz qalmalıyıq?” kimi yanaşmaları var idi. Amma onun qat-qat artığı bu dövr ərzində Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə çatmasından əldə olundu".
Deputat Türkiyə və Ermənistan arasında biznes dairələri səviyyəsində təmasların da artdığını diqqətə çatdırıb: "Son bir ay ərzində Türkiyə və Ermənistanın sənaye və iş adamları birlikləri böyük birgə toplantı keçirdilər. 200-dən artıq şəxs, əsas aparıcı şirkətlərin nümayəndələri həmin toplantıya qatılmışdılar. Təbii ki, bu görüşlər dövlət hakimiyyəti orqanlarının nəzarətindən kənarda baş vermir. Ancaq Ərdoğanla görüş, ondan əvvəl xarici işlər nazirləri arasındakı təmaslar belə, düşünürəm ki, mühüm məsələlərdə Bakı ilə koordinasiya olunur. Bir tərəfdən bu, Türkiyənin yeni regional roluna və statusuna uyğun bir mövqedir. Ona görə ki, Qafqazdakı güc nisbəti dəyişib. Bu, həm də yenə müharibənin hərbi-siyasi nəticələri sırasındadır və biz deyirik ki, indiki Türkiyə bölgədə aparıcı söz sahiblərindən biridir. Bu, onun özünün regional güc kimi mövqelərinin genişlənməsinə təsir edir, həm də burada Rusiya və İran faktoru qarşısında çıxış etmək imkanı yaradır".

Zahid Oruc hesab edir ki, Ankara ilə İrəvan arasında aparılan yüksək səviyyəli təmaslarda Azərbaycanın mövqeyi də nəzərə alınır: “Şübhəsiz ki, əgər bu koordinasiyalar baş verməsəydi, bu, öz-özlüyündə Türkiyənin açılımdan sonrakı mərhələdə nəqliyyat-kommunikasiya sisteminin işə düşməsi fonunda Orta Dəhlizin yenə də Türkiyə üzərindən həyata keçirilməsi perspektivlərinə zərbə vura bilərdi. Ona görə də birtərəfli qaydada açılıma gedilməsi mənəvi və siyasi baxımdan nə qədər insanlarımızı üzə və mənfi təsirə məruz qoyarsa, eyni zamanda onun sülh prosesinə və gələcək strategiyalara da ziyan törədəcəyinə şübhə yoxdur. Ona görə də xüsusilə Türkiyə daxilində müəyyən radikal dindar və ya solçu dairələrin, bir qədər də kripto, Fələstin ideologiyası adı altında guya din birliyi və neosmanizmlə silahlanan, bəzən heç türklüyün özünü öndə tutmayan və Türk dünyasına fərqli nəzərlərlə baxan qüvvələrin, əslində, bununla ziyan vuran və o birliyi zədələyən dairələrin qarşısında İlham Əliyev bu birliyi gücləndirən mövqelər həyata keçirir".
Deputat hesab edir ki, Türk dünyasının vahid maraqları baxımından Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonrakı mərhələdə həyata keçirilməlidir: “Yenə də Türk dünyasının vahid maraqlarından çıxış etsək, sənədin, yəni sülh müqaviləsinin imzalanmasından sonra açılması daha məqsədəuyğundur. Ondan sonrakı dövrdə İrəvana gedən yol, Ankaradan İrəvana gedən yol siyasi olaraq Bakıdan keçir. Çünki əks istiqamətdə, yəni İrəvandan keçib Bakıya gələn bir şərait formalaşarsa, bu, bir sıra hallarda həmin tarixi problemlərin 100 il sonra da təkrarlanmasına yol aça bilər. Bunu isə heç kəs arzulamır. Onsuz da son dönəmlərdə məlum hadisələr fonunda informasiya gündəliyinə o qədər "tullantılar", “viruslar”, dağıdıcı ideyalar və tezislər atılıb ki, belə bir proses sanki həmin meylləri daha da gücləndirmiş olar”.
Xalidə Gəray
Musavat.com