Xəbər verildiyi kimi, həbs edildikdən sonra vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başqanı Əkrəm İmamoğlu keçmiş Tuzla bələdiyyə sədri Şadi Yazıcını təhqir etdiyi iddiası ilə yenidən həbsə məhkum edilib.
Tuzla Bələdiyyəsinin keçmiş başçısı Şadi Yazıcını təhqir etməkdə ittiham olunduğu məhkəmə prosesində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Başçısı Əkrəm İmamoğlu "dövlət məmurunu açıq şəkildə təhqir etmək" günahından 2 il 1 ay həbs cəzasına məhkum edilib. Məhkəmə, həmçinin, İmamoğluna siyasət qadağası qoyub. Bu isə bələdiyyəyə yeni şeçkilərin keçirilməsini gündəmə gətirib.
İmamoğlu məhkəmədə deyib: “Mənim adımdan qərar verə biləcək heç bir məhkəmə yoxdur. Onsuz da zəifləmiş Türkiyə məhkəmə sisteminə möhkəm bir zərbə endirilib. Hakimlər etibarsızdır”.
İmamoğlu məhkəmə zalından zorla çıxarılıb.
Xatırladaq ki, 25 oktyabr 2022-ci ildə Tuzla qabaqcıl bioloji çirkab sularının təmizlənməsi qurğularının 3-cü mərhələsinin açılış mərasimi zamanı Şadi Yazıcı ilə Əkrəm İmamoğlu arasında gərgin mübahisə baş verib. İmamoğlu “Həmin şəxs bura problem yaratmaq üçün gəlib... Sakitləşin, diqqət yetirməyin, pis sözlər onu deyənə aiddir", - söyləyib.
Şadi Yazıcı bundan sonra məhkəməyə şikayət edib. Onun şikayətindən sonra İmamoğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə "dövlət məmurunu vəzifələrini yerinə yetirərkən açıq şəkildə təhqir etmək" ittihamı ilə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzası, eləcə də siyasi qadağa tələb edən ittiham irəli sürülüb. Əkrəm İmamoğlu daha əvvəl bu ittihamdan iki dəfə bəraət alıb.
Türkiyədə İmamoğlu dönəminin qapandığını demək olarmı? Yeni seçki gözlənilirmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar kifayət qədər sərtdir: “Cümhuriyyət Xalq Partiyası və Əkrəm İmamoğlu bu iddiaları siyasi təzyiq hesab edir və nəzərə alsaq ki, son iki ildə Türkiyədə xeyli sayda CHP üzvü olan bələdiyyə başqanı həbs olunub və bu həbslər ölkədə ciddi siyasi gərginliklərlə müşayiət olunur.
İmamoğluna qarşı əlavə iddianın qaldırılması və cinayət işinin açılması cəmiyyətdə birmənalı qarşılanmır. Müxalifət iddia edir ki, ölkədə ədalət sistemi ciddi şəkildə deqradasiyaya uğrayıb, məhkəmə qərarları əksər hallarda siyasi göstəriş əsasında qəbul edilir. İmamoğlunun həbs müddətinin üzərinə əlavə 2 il 1 ay cəzanın gəlməsi və onun siyasətlə məşğul olmasının qadağan edilməsi gözlənilən idi. Çünki o, Türkiyədə mövcud iqtidarın əsas alternativlərindən biri və CHP-nin əsas prezidentliyə namizədi kimi düşünülürdü. O baxımdan İmamoğlu ilə bağlı qərar cəmiyyətdə birmənalı qarşılanmayacaq. Amma bu qərarın Əkrəm İmamoğlunun gələcəkdə siyasi fəaliyyətinin qarşısını alması kifayət qədər problematik olacaq”.
Politoloq xatırladıb ki, bir zamanlar indiki prezident Rəcəb Tayyib Ərdoğan bələdiyyə başqanı olanda həbs olunmuşdu və ona siyasətlə məşğul olmasına məhkəmə qadağa qoymuşdu: “Amma üç il sonra Ərdoğan özünün partiyasını quraraq hakimiyyətə gəldi və hazırda da iqtidardadır . O baxımdan Əkrəm İmamoğlunun da siyasi həyatının məhkəmə qərarı ilə bitdiyi düşüncəsində deyiləm. Türkiyədə şərtlər dəyişə və İmamoğlu siyasətə qayıda bilər”.
O.Qasımovun sözlərinə görə, yeni seçkilərə gediləcəyi gözləniləndir: “Bələdiyyə seçkilərinin indi keçirilməsində hakimiyyət maraqlı görünür. Çünki onlar 2019-cu ildə itirdikləri mövqeləri yenidən qaytarmaq və xüsusən də İstanbul Böyük Şəhər Bələdiyyəsini, İstanbulu idarə etmək niyyətlərini gizlətmirlər”.
Etibar Seyidağa,
Musavat.com