Türklər o ölkəni TƏCİLİ TƏRK EDİR - Evlərini satışa çıxarırlar

Monteneqronun mühüm turizm mərkəzlərindən olan Budvada daşınmaz əmlak bazarında ciddi canlanma müşahidə olunur.

Musavat.com xəbər verir ki, xüsusilə Rusiya və Türkiyə vətəndaşlarının mülklərini satışa çıxarması nəticəsində mənzil təklifi kəskin artıb, kirayə qiymətləri isə 100-200 avro ucuzlaşıb.

Adriatik sahilində yerləşən Budvada son illər sürətlə yüksələn daşınmaz əmlak bazarı istiqamətini dəyişib. Yerli əmlak sektorunun məlumatına görə, xarici mülk sahiblərinin kütləvi satış qərarları həm satılıq, həm də kirayə mənzillərin sayını artırıb.

Yeni mənzillərin bazara daxil olması kirayə qiymətlərinə birbaşa təsir göstərib. Əvvəllər aylıq 600-700 avroya təklif olunan birotaqlı mənzillərin qiyməti hazırda 400-500 avro səviyyəsinə qədər geriləyib.

Daşınmaz əmlak bazarındakı bu dəyişikliyin arxasında inzibati maneələr, beynəlxalq sanksiyalar və artan yaşayış xərcləri dayanır. Xüsusilə 2022-ci ildən etibarən Monteneqroya köçən Rusiya vətəndaşlarının sanksiyalar səbəbindən müvəqqəti yaşayış icazələrinin uzadılması, viza rəsmiləşdirilməsi və beynəlxalq pul köçürmələrində müxtəlif problemlərlə üzləşdikləri bildirilir.

Türkler o ülkeyi terk etmeye başladı! Evlerini satışa çıkarıyorlar

Eyni zamanda, ölkədə viza rejiminin tətbiq olunacağı ilə bağlı gözləntilər və daşınmaz əmlak investisiyası əsasında verilən yaşayış icazəsi qaydalarının dəyişməsi xarici investorlar üçün qeyri-müəyyənliyi artırıb.

Əmlak məsləhətçisi Tomislav Rankoviç bildirib ki, viza azadlığının ləğvi ehtimalı və hüquqi şərtlərin sərtləşməsi əcnəbilərin Monteneqrodan gedişini sürətləndirib. Mütəxəssis hətta ölkədə yaşayan Türkiyə vətəndaşlarının təxminən 15 faizinin artıq Monteneqronu tərk etdiyini iddia edib.

Mülklərini sataraq nağd vəsait əldə edən xarici investorların bir hissəsi yaşayış və investisiya xərcləri daha aşağı olan ölkələrə üz tutur, digər hissəsi isə öz ölkələrinə qayıdır.

Sektor nümayəndələri mənzil təklifindəki artım səbəbindən yaranan qiymət korreksiyasının önümüzdəki aylarda da davam edəcəyini proqnozlaşdırırlar.

Musavat.com

06.10.2026 11:56
1851