Yollarda qanla təkmilləşən mədəniyyət – Daha bir sürücüyə bəraət verildi!

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsiylə bağlı təqsirləndirilən Hacıağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə müttəhimin vəkili İsa İsmayılov sosial şəbəkə hesabında məlumat yayıb.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb və hökm elan edilib.

Məhkəmənin gəldiyi nəticəyə əsasən, aparılmış araşdırmalar zamanı Hacıağa Ağayevin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən olunub. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət alıb.

Qeyd edək ki, ölümlə nəticələnən qəza 2023-cü il oktyabrın 20-də Sabunçu rayonunda baş verib.

İttihama görə, Hacıağa Ağayev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada Yusif Rəhimovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Son dövrlərdə Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni bir səhifə açır. Bu bəraət hökmündən öncə Bakının Nizami və Binəqədi rayon məhkəmələrində də piyadaların ölümü ilə nəticələnən yol qəzaları üzrə çıxarılan qərarlar bu dəyişikliyin bariz nümunəsidir. Ötən il Binəqədi Rayon Məhkəməsinin ölümlə nəticələnən yol qəzasını əhatə edən qərarı ictimai rezonans doğuran bir presedent yaradıb.

Qəza Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş vermişdi və 1 nəfərin ölümü ilə nəticələnmişdi. Rayon mıəhkəməsinin hakimi Aynurə Sadıqova prosesdə iş üzrə təqsirləndirilən sürücü Cavid Əsgərovun günahsız olduğunu müəyyən etmişdi.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və ona bəraət vermişdi.

Məhkəmənin qərarı piyadanın yolu “zebra”dan kənarda, digər avtomobilin qarşısından qəflətən qaçaraq keçməsi nəticəsində baş verməsi “qarşısıalınmazlıq” prinsipini ön plana çıxarmışdı. Əgər sürücü yol hərəkəti qaydalarını pozmayıbsa və piyadanın qəfil hərəkəti nəticəsində toqquşmadan yayınmaq üçün fiziki-texniki imkanı olmayıbsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, piyadaların da yol hərəkətinin bərabərhüquqlu və məsuliyyətli subyekti olduğu faktını təsdiqləyir.

Bu günlərdə Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi ilə sürücü Elməddin Məmmədovun kassasiya şikayəti araşdırılıb. Məlum olub ki, 4 uşaq atası olan Elməddin Məmmədov qəzadan sonra zərərçəkmişə ilk yardım göstərib. Sonradan isə onun qəbir yerinin alınması, dəfn xərclərini çəkib. Buna baxmayaraq, mərhumun yaxınları sürücüdən 70 min pul tələb ediblər. Sürücü günü 20 manata işlədiyini desə də, 15 min manat təklif etsə də, qarşı tərəf tələbindən geri çəkilməyib, sürücüdən şikayət etməklə barışmaqdan imtina ediblər.

İlkin instansiya barışığın olmadığını əsas gətirməklə sürücünün barəsində maksimum cəza həddinə yaxın cəza təyin edib. Apellyasiya instansiyası da həmin cəzanı qüvvədə saxlayıb. Ali Məhkəmənin isə zərərçəkmiş tərəfin barışıq üçün qeyri-real məbləğ – 70 min manat tələb etməsini sürücünün iradəsindən kənar hal kimi qiymətləndirməsi inqilabi addımdır.

Məhkəmə müəyyən etdi ki, barışığın yalnız yüksək pul müqabilində mümkün olması sürücünün mənfi xarakteristikası kimi qəbul edilə bilməz. Maddi imkansızlıq ucbatından barışığın əldə olunmaması şəxsin daha ağır rejimli həbsxanaya göndərilməsinə əsas vermir. Ali Məhkəmə sürücünün kassasiya şikayətini təmin edib. Nəticədə Elməddin Məmmədovun cəzası 5 il 1 aydan 4 il 6 aya endirilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

1732805867.Ceyhun-Yusifov.jpg (126 KB)

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a açıqlamasında deyib ki, bu qərarlar yol mədəniyyətində dönüş nöqtəsi ola bilər:

“Artıq hər kəs anlamalıdır ki, yol hamımızındır və məsuliyyət də hamımıza aiddir. Bu bəraətlər bir siqnaldır – piyadalar daha diqqətli olmalı, öz həyatlarını riskə atmamalıdırlar. Çünki onların bir anlıq səhlənkarlığı təkcə öz talelərini deyil, günahsız bir sürücünün də həyatını alt-üst edə bilər. Qanun artıq bu balansı qorumağa başlayıb. Bu, həm sürücülərə ədalət hissini qaytaracaq, həm də piyadaları daha intizamlı davranmağa məcbur edəcək. Nəticədə yollarımızda xaos yox, qayda və məsuliyyət hökm sürəcək”.

Ceyhun Yusifov son bəraət qərarlarının sadəcə hüquqi presedent olmadığını, eyni zamanda cəmiyyətə ciddi mesaj verdiyini vurğulayıb. Onun sözlərinə görə, uzun illərdir yol qəzalarından sonra formalaşmış ədalətsiz yanaşma artıq sarsılmağa başlayıb. O, illərdir yol qəzalarından sonra formalaşmış “barışıq bazarı”nın da tədricən bağlanmalı olduğunu deyib:

“Ortada faciə var, ehtiyatsızlıqdan ölüm baş verib, sürücü peşmandır, diz çökür, üzr istəyir, imkanı daxilində kompensasiya ödəməyə çalışır. Amma qarşı tərəf bəzən bunu fürsətə çevirərək qeyri-real, şişirdilmiş məbləğlər tələb edir. Bu, artıq barışıq deyil, açıq şəkildə təzyiq və şantajdır. Yeni yanaşma isə deyir ki, sürücünün səmimi niyyəti varsa, amma qarşı tərəf onun imkanlarını aşan tələblər irəli sürürsə, bu, sürücünün taleyini həbsxana ilə həll etmək üçün əsas ola bilməz. Yəni “pulun yoxdursa, cəza çəkəcəksən” prinsipi artıq qəbul edilmir”.

Vəkil qeyd edib ki, bu dəyişikliklər təkcə sürücülər üçün deyil, piyadalar üçün də ciddi xəbərdarlıqdır:

“Yol hərəkəti birtərəfli məsuliyyət deyil. Bu gün verilən bəraət qərarları piyadalara da açıq mesajdır. Qaydaları pozmaq, məsuliyyətsiz davranmaq artıq nəticəsiz qalmayacaq. Əgər piyada qaranlıqda, “zebra” olmayan yerdən qəfil yola çıxırsa, sürücünün qarşısına özünü atırsa, burada bütün məsuliyyəti sürücünün üzərinə yükləmək ədalətli deyil. Sürücü sehrbaz deyil ki, o şərtlər daxilində, fizika qanunlarının əksinə, reaksiya müddətini aşaraq nəqliyyat vasitəsini saxlaya bilsin. Əgər qəzanın qarşısını almaq fiziki olaraq mümkün deyildisə, o zaman sürücünü cəzalandırmaq hüququn mahiyyətinə ziddir. Bu praktika davamlı olduqca, Azərbaycanda yol mədəniyyəti daha da təkmilləşəcək”.

E.Məmmədəliyev,
Musavat.com

24.04.2026 17:34
1194