Noyabrın 23-də Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın Baş naziri Kir Starmer Sky News-a verdiyi müsahibədə açıqlayıb: "Sabah Cenevrədə ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri ilə Avropa milli təhlükəsizlik müşavirləri, o cümlədən mənim milli təhlükəsizlik müşavirim Conatan Pauell arasında görüş keçiriləcək".
Starmerin sözlərinə görə, Tramp administrasiyasının sülh planı təkmilləşdirilməlidir: "28 maddəlik planda çox istədiyimiz ədalətli və davamlı sülh üçün vacib olan bir neçə vacib element var. Plan üzərində əlavə işlərə ehtiyac var. Bu gün G20 sammiti çərçivəsində "könüllülər koalisiyası"ndan eyni düşüncəli liderlərin görüşü keçirildi".
Britaniya baş naziri Trampla telefon danışığında Ukraynadakı münaqişənin həllini müzakirə etməyə ümid etdiyini bildirib: "Mən Prezident Trampla tez-tez danışıram. Yaxın günlərdə onunla yenidən danışacağımı gözləyirəm. Lakin son bir neçə gün ərzində ukraynalılarla Avropa səviyyəsində bir çox müzakirələr apardıq. Vəziyyət sürətlə dəyişir. İndi diqqət əsasən sabah Cenevrədə keçiriləcək danışıqlara və irəliləyiş əldə edə biləcəyimizə yönəlməlidir".
Starmer vurğulayıb ki, "Ukrayna ilə bağlı bütün məsələlər nəticə etibarilə Ukrayna tərəfindən müəyyən edilməlidir". O, həmçinin razılaşmanın vacib məqamının kollektiv müdafiə prinsipini təsbit edən Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin ruhuna uyğun olaraq Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi olduğunu deyib.
Qeyd edək ki, Zelenski Starmerlə danışıb və İsveçrədə danışıqların olacağını təsdiqləyib: "Uzun söhbətimiz oldu, sülh prosesinin planlaşdırılmasında diplomatik işin bir çox nüanslarını müzakirə etdik. Koordinasiya etməyə davam edəcəyik və bütün Britaniya cəmiyyətinə dəstəyə görə minnətdaram".
Musavat.com