Zelenskidən 9 may xəbərdarlığı: “Moskvaya getməyin”

Ukrayna prezidenti Volodimir Zelenski xarici dövlətlərin nümayəndələrinə 9 mayda Moskvada olmamağı tövsiyə edib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə axşam müraciətində danışıb.

O bildirib ki, Ukrayna Rusiyaya mayın 6-dan etibarən atəşi dayandırmağı təklif edib və tam sakitliyi təmin etməyə hazır olub. Lakin Kiyevin bu sülh təklifinə cavab olaraq Rusiyadan yeni zərbələr və yeni təhdidlər gəlib.

Zelenskinin sözlərinə görə, Moskva Ukraynadan 9 may paradını təhlükəsiz keçirmək üçün sanki “icazə” istəyir, amma bundan sonra yenidən müharibəni davam etdirmək niyyətindədir.

“Ola bilsin, onlar ildə bir dəfə meydana təhlükəsiz çıxmaq üçün Ukraynadan razılıq istəyirlər, sonra isə yenə insanlarımızı öldürmək və müharibəni davam etdirmək istəyirlər. Bu, Rusiya rəhbərliyinin təəccüblü və tamamilə qeyri-adekvat məntiqidir,” – deyə Zelenski bildirib.

Ukrayna lideri Rusiyaya yaxın bəzi dövlətlərdən nümayəndələrin 9 mayda Moskvaya səfər etməyi planlaşdırması ilə bağlı müraciətlər daxil olduğunu da qeyd edib.

“Belə günlərdə bu, qəribə istəkdir. Biz bunu tövsiyə etmirik,” – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, 9 may Rusiyada Qələbə Günü kimi qeyd olunur və həmin gün Moskvada ənənəvi hərbi parad keçirilir.

 

Musavat.com

07.05.2026 21:24
3517