Onlayn ictimai-siyasi qəzet
Rusiyalı qadının 116 nadir canlı kərtənkələni gizli şəkildə Almaniyaya aparmaq cəhdinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Kalininqrad vilayəti gömrük xidmətinin mətbuat xidməti məlumat yayıb.
Qadın avtobusla Polşaya keçmək üçün Mamonovo-2 gömrük-keçid məntəqəsinə gəlib. Gömrük yoxlaması zamanı əməkdaşlar onun gödəkçəsinin astarında gizlədilmiş canlı sürünənləri aşkar ediblər.
Məlum olub ki, qadın kərtənkələləri hər birində 3-dən 5-dək olmaqla parça kisələrə yerləşdirib və həmin kisələri gödəkçəsinin astarında gizlədib. Ümumilikdə 116 canlı kərtənkələ aşkarlanıb.
Saxlanılan şəxs bildirib ki, kərtənkələləri müəyyən pul mükafatı müqabilində aparırmış. Lakin onun heyvanlarla bağlı heç bir sənədi olmayıb.
Nadir növlərə aid olduğu bildirilən sürünənlər ekzotik heyvanlara yardım mərkəzinə təhvil verilib.
Qadın barəsində malların gömrük nəzarətindən gizlədilməsi maddəsi üzrə inzibati iş qaldırılıb. Ona daşınan malların dəyərinin üç misli həcmində cərimə təyin edilib.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ