İnsanlara hürriyət, millətlərə istiqlal!

9 gündən sonra nələr baş verəcək?- Saatlar işləyir, risk artır, ABŞ və İran…

ABŞ və İran arasında əldə olunan 14 günlük atəşkəs regionda gərginliyi müvəqqəti səngitsə də, son İslamabad danışıqlarının nəticəsiz qalması yeni savaşın alovlana biləcəyinin anonslarını verməkdədir.

Artıq bu gün atəşkəs razılaşmanın 5 günüdür. Göründüyü kimi, vaxt çox sürətlə daralır.

14 günün sonunda nələr baş verəcək?

Politoloq Rəşad Bayramov Musavat.com-a bildirib ki, ABŞ və İran arasında elan olunan 14 günlük atəşkəs, əslində, gərginliyin dondurulması mexanizminə daha çox bənzəyir:

“Bu, tam sülh prosesindən çox tərəflərin həm hərbi, həm də siyasi baxımdan mövqelərini yenidən qiymətləndirməsi üçün qısa nəfəs fasiləsidir deyə bilərik. Beş gün artıq geridə qalıb və müddət başa çatandan sonra nələrin baş verə biləcəyini bir neçə ssenari üzrə dəyərləndirmək olar. Birincisi, atəşkəsin pozulması və eskalasiyanın bərpasıdır. Əgər bu 14 gün ərzində ciddi siyasi irəliləyiş əldə olunmazsa, fundamental ziddiyyətlər aradan qaldırılmazsa, status-kvonun yenidən hərbi gərginliyə çevrilməsi riski artar. İkinci ssenari atəşkəsin müddətinin uzadılmasıdır. Yəni başqa sözlə desək tərəflər müvəqqəti atəşkəsi daha uzunmüddətli “de-eskalasiya rejimi”nə çevirməsi baş verə bilər. Bu halda atəşkəs artıq sadəcə fasilə deyil, mərhələli diplomatik prosesə çevriləcək. Və nəhayət daha bir ssenari müddətin başa çatmasına qədər hər hansı çərçivə razılaşmasının əldə olunmasıdır. Bu, nüvə proqramı, Hörmüz kimi regional təsir alətləri və sanksiyalar kimi fundamental məsələlərdə kompromis tələb edir. Lakin indiki geosiyasi atmosferdə bu qədər dərin razılaşmanın 14 günlük pəncərədə baş verməsi real olaraq çətindir”.

resad_bayramov.jpg (26 KB)

Politoloqun sözlərinə görə, İslamabad danışıqlarının nəticəsiz qalması vəziyyəti daha da mürəkkəb edir:

“Bu, tərəflər arasında etimad çatışmazlığının dərinləşdiyini göstərir. Amma diplomatik müstəvidə və özü də cəmi bir görüşdə razılaşmanın olmaması avtomatik olaraq müharibənin qaçılmaz olması demək deyil. Yəni başqa sözlə desək diplomatiyanın iflasa uğraması dərhal müharibənin başlayacağı anlamına gəlməməlidir. Uzunmüddətli dondurulmuş münaqişə vəziyyətinə keçid də mümkündür. Amma təbii ki, müharibənin yenidən başlayacağı da təəssüf ki, ən təhlükəli ehtimal olaraq qalır.

Atəşkəsin uzadılması məsələsinə gəldikdə isə, bu, bir neçə konkret kompromisdən asılıdır. Birincisi, hərbi eskalasiyanın qarşısını alan monitorinq mexanizmləri. İkincisi, nüvə proqramı ilə bağlı uzlaşma, müəyyən sanksiya yumşaldılması və ya iqtisadi stimul paketləri. Və ən nəhayət tərəflərdə etimadın bərpa olunması üçün hər iki tərəfin aktiv təminatları. Əgər bu elementlərdən ən azı bir neçəsi işə düşərsə, atəşkəsin uzadılması ehtimalı yüksəlir. Düşünürəm ki, 14 günlük atəşkəs tam sülh prosesi olmadığı kimi, bu müddətdə razılaşmanın əldə edilməməsi də qaçılmaz müharibənin başlanğıcı deyil”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR